Azərbaycan daha bir dəhlizə qoşulur

Türkmənistanın iştirak etdiyi "Lapis-Lazuli" marşrutunun Zəngəzur koridoruna bağlanma perspektivi var

Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabada rəsmi səfəri zamanı Özbəkistan, Türkmənistan və Azərbaycan arasında ticari-iqtisadi və nəqliyyat sahəsində mühüm sənədlər imzalanıb. Aşqabadda baş tutan zirvə və aparılan müzakirələr bir qayda olaraq regional proseslərdən kənarda qalmağa üstünlük verən Türkmənistanın aktivləşməsi fonunda xüsusilə diqqəti cəlb edir. Rəsmi Aşqabad regional nəqliyyat-logistika layihələrinin aktiv iştirakçısı olmaq istiqamətində sürətli addımlar atmaqdadır. 

Məlumdur ki, Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında ticarət əlaqələrinin qurulması baxımından ən yaxşı mövqeyə Qazaxıstan və Türkmənistan sahibdir: yüklərin Avropaya ötürülməsində həlledici olan Xəzər dənizi sahilindəki yerlərinə görə. Bu amilin sayəsində onların regiondan Avropaya göndərilən ümumi yüklərin həcmində payı 96 faizə yaxındır. İndiyədək prosesdə aktivlik baxımından Qazaxıstan daha çox diqqəti cəlb edib. Bu aktivlik sayəsində Orta dəhliz də daxil olmaqla, regional nəqliyyat-tranzit layihələrinin əksəriyyətində aparıcı rol bu ölkəyə məxsus olub. Xəzər dənizi sahillərində daha əlverişli limanlara sahib olan Türkmənistan son 2 ildə bu mövqeyindən bəhrələnmək, əsas regional layihələrdə açar ölkəyə çevrilmək üçün intensiv fəaliyyətlərə başlayıb. 

Aşqabad həm Trans-Əfqan Dəmiryolu layihəsində payını artırmağa, həm də onun öz ərazisi vasitəsilə digər layihələrlə inteqrasiyasına nail olmağa çalışır. Belə layihələrdən birincisi Laps-Lazuli marşrutudur. "Lapis-Lazuli" marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə arasında beştərəfli saziş 2017-ci il noyabrın 15-də Aşqabadda keçirilən Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb. Sənəd iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz) modernləşdirilməsi, həmçinin gömrük rəsmiləşdirilməsi proseduralarının asanlaşdırılması nəzərdə tutulur. Saziş razılıq əldə edən tərəflərin ərazisindən yüklərin fasiləsiz daşınmasına, nəqliyyatın tranzit hərəkəti ilə bağlı məsələlərin və prosedurların sadələşdirilməsi, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyi ilə bağlı məqamları əhatə edir.

Nəqliyyat dəhlizinin "Lazurit" adlanması isə iki min il əvvəl bu marşrutla əfqan lazuriti və digər yarımqiymətli daşların Qafqaza, Balkan ölkələrinə, Şimali Afrikaya və Avropaya daşınması ilə bağlıdır.

2019-cu ildə Lapis-Lazuli üzrə yükdaşımalar başlanıb. Yüklər Heratdan Turqundi stansiyasına, oradan Türkmənistanın Sərhədabad şəhərinə, sonra bütün ölkənin ərazisindən keçərək Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatdırılır, oradan avtomobil karvanı Xəzər dənizi ilə Azərbaycana - Bakı Beynəlxalq Dəniz Limanına gətirilir, buradan isə Avropaya ötürülürdü.

2021-ci ildə Əfqanıstan, Türkmənistan və Azərbaycanda dəhliz üzrə məsul qurumlar müəyyənləşdirilib, lakin Əfqanıstanda hakimiyyət dəyişikliyi dəhliz üzrə işlərin 2 ilə yaxın müddətdə dayanmasına səbəb olub. 

Türkmənistan Torqund-Herat dəmir yolunun çəkilişində ona görə maraqlıdır ki, gələcəkdə bu dəmir yolu Aşqabada, oradan isə Xəzər dənizi sahilindəki Türkmənbaşı limanına qədər uzana bilər. Türkmənbaşı limanı ilə Bakı Beynəlxalq Ticarət Limanı arasında əlaqə mövcuddur. Beləliklə, Əfqanıstanın Herat şəhərindən başlanan dəmir yolu Türkmənistan, Azərbaycan (Trans-Xəzər marşrutu) vasitəsilə Gürcüstana, Türkiyəyə və Avropaya uzanacaq. 

Lazurit dəhlizinin əsas rəqibi İrandır. İranın Türkmənistan və Türkiyə ilə birbaşa dəmiryol əlaqəsi var, yüklər bu yolla Avropaya çatdırılır. Hazırda Əfqanıstandan Avropaya yüklərin bir hissəsi İran ərazisi ilə daşınır. Əfqanıstanla Pakistan arasında qeyri-sabit münasibətlər fonunda İran üzərindən tranzit yolları əfqan biznesi üçün daha cəlbedici olmağa başlayıb.

Hazırda Azərbaycanın İranla rəqabətdə əsas üstünlüyü Tehranın Avropa və ABŞ-la münasibətlərindəki kəskinlik və sanksiyalarla bağlıdır. Lakin Zəngəzur dəhlizinin işə düşməsi ölkəmiz üçün daha dayanıqlı və səmərəli üstünlük formalaşdıra bilər. Məlumdur ki, artıq Türkiyə tərəfi Naxçıvanı Qars dəmiryolu sistemi ilə birləşdirəcək Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin çəkilişlərinə başlayıb. Beləliklə, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycan üzərindən yük ötürülməsi imkanlarını kəskin artırmaqla yanaşı, onu ən əlverişli ticarət yolu təklif edən ölkəyə çevirə bilər. 

Buna görə də Azərbaycan Mərkəzi Asiya və Əfqanıstan üzərindən keçən marşrutların inkişafında ciddi maraq göstərir. Rəsmi Bakı Lazurit dəhlizinin inkişafı istiqamətində Talibanla fəal danışıqlar aparır. Bu marşrut Cənubi Asiya ilə Avropa arasında Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz üzərindən keçən daha genişmiqyaslı tranzit şəbəkəsinin bir hissəsinə çevrilə bilər. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan ortaq geoiqtisadi məkana çevrilmək yolunda irəliləyir: "Nəqliyyat və logistika sahəsində birgə infrastrukturun qurulması, marşrutların inteqrasiyası və liman imkanlarının qarşılıqlı istifadəsi prioritet sahələr kimi müəyyən olunub. Regionun əsas nəqliyyat arteriyaları olan Türkmənbaşı və Bakı limanları Orta dəhlizin effektivliyinin artırılması üçün strateji qovşaqlara çevrilir. Bu yanaşma təkcə yükdaşımaları deyil, həm də Avrasiya miqyasında rəqabətli tranzit platformasının formalaşdırılmasını hədəfləyir. Zirvə çərçivəsində imzalanan "Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı" üçtərəfli tərəfdaşlığın siyasi iradəsini və uzunmüddətli regional əməkdaşlıq perspektivlərini müəyyən edir. Bu sənəd üç Türk dövlətinin təkcə mədəni ortaq dəyərlər üzərində deyil, eyni zamanda konkret iqtisadi və infrastruktur layihələri əsasında inteqrasiya prosesinə keçdiyini nümayiş etdirir. Üç ölkə arasında strateji əməkdaşlıq çərçivəsinin əsas konturlarını müəyyən etməklə yanaşı, siyasi birlik və regional inteqrasiyanın möhkəmləndirilməsi məqsədilə qəbul edilən bəyanat Türk dövlətlərinin vahid platforma üzərində praktiki əməkdaşlığa keçmək niyyətini təsdiqləyir. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə "Türkmənhavayolları" Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu" iki ölkə arasında hava nəqliyyatı infrastrukturunun inkişafını və aviauçuşların genişləndirilməsini nəzərdə tutur. Bu həm turizm, həm də işgüzar səfərlər üçün əlverişli mühit yaradaraq nəqliyyat əlaqələrinin səmərəliliyini artıracaq".

Vüsalə Cəfərova | Ereforms.gov.az

Vüsalə Cəfərova

Vüsalə Cəfərova qeyd edib ki, zirvə görüşündə səsləndirilən əsas mesajlardan biri də ticarət dövriyyəsinin artırılması və sənaye kooperasiyaları səhəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi olub: "Ölkələr arasında yüksək keyfiyyətli məhsulların tədarükünün təşviqi, tarif siyasətinin uyğunlaşdırılması və birgə istehsal imkanlarının  genişləndirilməsi iqtisadi inteqrasiyanı gücləndirəcək. Enerji sektorunda isə karbohidrogen ehtiyatlarının işlənməsi və elektrik enerjisinin ixracı üzrə yeni layihələrin nəzərdən keçirilməsi bu sahədə ortaq investisiya fondlarının yaranmasını aktuallaşdırır. Beləliklə, Azərbaycan, Türkmənistan və Özbəkistanın iqtisadi əlaqələri tədricən strukturlaşdırılmış regional əməkdaşlığı hədəfləyir. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında imzalanan "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu" Orta dəhlizin və Transxəzər yükdaşımalarının texniki və institusional koordinasiyasını təmin edən mühüm çərçivədir. Vahid tarif siyasəti, terminalların qarşılıqlı uyğunlaşdırılması və dəmiryolu infrastrukturunun modernləşdirilməsi regional ticarətin dayanıqlılığını və həcmini artıracaq. Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşdə liderlər bir daha vurğuladılar ki, razılaşdırılmış təşəbbüslərin icrası üçün praktiki "Yol xəritəsi" hazırlanacaq və bu sənəd əsasında müvafiq nazirliklər tərəfindən əlaqələndirilmiş tədbirlər həyata keçiriləcək. Bu, üçtərəfli əməkdaşlığın yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, konkret  mexanizmlərlə gücləndiriləcəyini nümayiş etdirir. İnstitusional çərçivədə fəaliyyətin koordinasiyası regional sabitliyin və dayanıqlı inkişafın əsas təminatına çevriləcək". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31