Rusiyanın Turan qorxusu: Türk Dövlətləri Təşkilatının yüksəlişi - ÖZƏL

"Türk Dövlətləri Təşkilatının son illərdə göstərdiyi dinamika artıq təkcə mədəni-humanitar əməkdaşlıq çərçivəsini aşaraq real siyasi və geosiyasi güc mərkəzinə çevrildiyini göstərir. Almatının "Türk Dünyasının Gənclər Paytaxtı" elan olunması və beynəlxalq festivalın keçirilməsi sıradan bir tədbir deyil, əksinə, gələcək nəsillərin birləşdirilməsinə yönəlmiş strateji addımdır. Qazaxıstan Prezidentinin çıxışı da təsdiqləyir ki, türk dövlətləri sadəcə protokol səviyyəsində deyil, artıq konkret institutlar və mexanizmlər vasitəsilə inteqrasiya prosesini dərinləşdirirlər". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Kreml təbliğatının "rus dünyası zəifləyir" arqumenti isə əslində etirafdır: 
" Çünki "rus dünyası" konsepti illərlə Moskvanın postsovet məkanında təsir aləti kimi təqdim olunmuşdu. Bu gün isə onun yerini daha canlı, daha təbii və ortaq dəyərlərə söykənən "Türk Dünyası" konsepti tutur. TDT-nin güclənməsi həm iqtisadi əməkdaşlığı, həm də təhlükəsizlik və kommunikasiya layihələrini artırır. Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji və nəqliyyat layihələri bu əməkdaşlığın real sütunlarıdır. Rusiyanın "Turan qorxusu"nun mahiyyəti buradadır: Moskva yaxşı anlayır ki, türk dövlətlərinin yaxınlaşması onun postsovet məkanında ənənəvi dominantlığını zəiflədir. Xüsusilə Orta Asiya ölkələri üçün TDT Rusiya asılılığından çıxış qapısıdır. Əgər bu dövlətlər iqtisadi, nəqliyyat və təhlükəsizlik baxımından bir-birinə daha sıx bağlanırlarsa, Moskvanın onların üzərindəki təsir imkanları avtomatik azalır. Bundan əlavə, Türkiyənin təşkilatdakı liderliyi Rusiya üçün xüsusi narahatlıq doğurur. Çünki Ankara həm NATO üzvü, həm də regional gücdür və Moskva üçün ənənəvi təsir sahəsində ciddi alternativ yaradır. Ekspert Kobrinskinin dediyi kimi, zorakı rus təbliğatı ilə bu reallığı dəyişmək mümkün deyil. Əksinə, bu təbliğat Moskvanın imicini daha da zəiflədir.
Türk Dövlətləri Təşkilatının yüksəlişi postsovet məkanında yeni geosiyasi balans yaradır: Qərb - Rusiya - Çin üçbucağında artıq Türk Dünyası ayrıca güc mərkəzinə çevrilir. Bu isə həm Azərbaycanın, həm də bütün türk dövlətlərinin maraqlarına xidmət edir. Çünki bu inteqrasiya xalqların öz milli kimliklərinə əsaslanır və dayanıqlı gələcək vəd edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31