Almaniya hələlik Fələstini tanımaq niyyətində deyil – Merz - ÖZƏL

Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Berlin Fələstin dövlətçiliyini tanımaq təşəbbüsünə qoşulmayacaq. Olaylar.az xəbər verir ki, o, bunu Kanadanın baş naziri Mark Karni ilə birgə mətbuat konfransında açıqlayıb.
"Biz bu təşəbbüsə qoşulmayacağıq. Hesab edirik ki, dövlətçiliyin tanınması üçün şərtlər heç bir halda yetərli deyil. Son günlərin hadisələri də mövqeyimizi dəyişməyib", - Merz vurğulayıb. Kansler əlavə edib ki, Almaniya BMT Baş Assambleyasının sessiyasında da Fələstini tanımaq niyyətində deyil.
Xatırladaq ki, beynəlxalq miqyasda Fələstinin tanınması kampaniyası, İsrailin Qəzza zolağında təxminən iki ildir davam edən hərbi əməliyyatları fonunda sürətlənib. Bu əməliyyatlar bölgədə humanitar vəziyyəti daha da pisləşdirib.
Qeyd edək ki, 24 iyulda Fransa prezidenti Emmanuel Makron, 29 iyulda isə Böyük Britaniyanın baş naziri Kir Starmer Fələstin dövlətini BMT Baş Assambleyasının sentyabr sessiyasında tanıyacaqlarını açıqlamışdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31