“İranla münasibətlərin pozulmasına səbəb Tehran siyasətidir” – Əli Mustafa – ÖZƏL
1 Avqust 15:02 Siyasət"Dünən Zəncan şəhərində İran prezidenti çox önəmli, tarixi bir çıxış etdi. Həmin çıxışında bildirdi ki, İran və Azərbaycan bir-birinə qardaş, qohum xalqlardır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu fikir tamamilə doğrudur. Çünki milyonlarla insan, istər Azərbaycan Respublikasında, istərsə də Cənubi Azərbaycanda bir-birilə qohumdur, qardaşdır. Onlar eyni dili, eyni dini, eyni inancı paylaşırlar.
Siyasi şərhçi qeyd edib ki, biz ümumiyyətlə İranla münasibətlərdə daim mehribanlıq, dostluq və qardaşlıq gözləmişik. Çünki düşünmüşük ki, İran da bir İslam dövlətidir və bizimlə daha səmimi, daha yaxın münasibətlər qurmalıdır. Lakin təəssüf ki, indiyədək İran daha çox Ermənistanla qardaşlıq münasibətləri sərgiləyib və Azərbaycanla bəzən açıq şəkildə düşmənçilik mövqeyində olub. İndi isə İran prezidenti bu həqiqətləri etiraf edir. Bu, əslində bir dönüş nöqtəsidir. İran tarixində ilk dəfədir ki, rəsmi bir şəxs, özü də prezident kürsüsündə olan bir şəxs açıq şəkildə etiraf edir ki, Azərbaycanla İran arasında münasibətlərin pozulmasının səbəbi məhz İranın öz siyasəti, yanaşması və münasibətidir. Bu, çox əhəmiyyətli və doğru bir etiraftır. Bu, həm də ədalətli bir yanaşmadır. Əgər bu etirafı uğurlu bir başlanğıc kimi qəbul etsək, qarşıdakı dövrdə Azərbaycan-İran münasibətləri qarşılıqlı fayda əsasında dərinləşə bilər.
Ə. Mustafanın sözlərinə görə, Türk-Müsəlman birliyi kontekstində müttəfiqliyimiz güclənə bilər və münasibətlər tamamilə yeni bir mərhələyə qədəm qoya bilər. Amma bunun üçün bir şərt var: Prezidentin dedikləri İran dövləti tərəfindən ciddiyə alınmalı və bu fikirlər siyasi rəhbərlik səviyyəsində həyata keçirilməlidir. Bu baxımdan mən düşünürəm ki, İran prezidentinin bu çıxışı bir ilkdir. Bu, ölkənin siyasi təfəkküründə, ideoloji şüurunda müəyyən dəyişikliklərə, hətta bir inqilaba yol aça biləcək qədər önəmli bir yanaşmadır. Əgər İranın siyasi elitası bu mövqeni qəbul etsə və onu reallığa çevirsə, onda biz yaxın zamanda Azərbaycanla İran arasında yaxınlaşma, dostluq və sürətli müttəfiqliyin formalaşmasını görə bilərik.
Siyasi şərhçinin fikrincə, İran özü də mahiyyət etibarilə bir türk dövlətidir. Ona görə də Türk Dövlətləri Təşkilatında təmsil olunmalıdır. İran artıq bu bölgənin siyasətində Azərbaycanın və ümumilikdə türk dünyasının qarşısında yox, yanında olmalıdır. Bu baxımdan ümid edirəm ki, prezidentin bu siyasi fikirləri və yanaşmaları tədricən İranın rəsmi dövlət siyasətinə çevriləcək və nəticədə uğurlu bir Azərbaycan-İran tandemi meydana çıxacaq. Əlbəttə, bu fikirlərin reallaşması və konkret nəticə verməsi üçün İran hakimiyyətində, xüsusilə dini liderin özü və ətrafının düşüncə sistemində ciddi dəyişikliklərin baş verməsi vacibdir. Çünki SEPAH generallarının və dini liderin yaxın çevrəsinin ənənəvi baxışları nə İran, nə də Azərbaycan üçün faydalı deyil. Bu yanaşmalar nə dostluğa, nə İslam birliyinə, nə də ədalətə xidmət edir. Əksinə, bölgədə qarşıdurma və gərginlik yaradır. Mən ümid edirəm ki, bu yeni çıxış və yanaşma İran siyasi elitasının da düşüncələrində dəyişiklik yaradacaq.
"Əgər İranın siyasi rəhbərliyi Azərbaycan gerçəyini anlasa və qəbul etsə, bölgədə bir çox şey dəyişə bilər. Soyuqluq və gərginlik aradan qalxar, yerini əməkdaşlıq və müttəfiqlik münasibətləri tutar. İran, Türkiyə, Azərbaycan və digər bölgə dövlətləri arasında qarşılıqlı anlayışa əsaslanan yeni bir siyasi mərhələ başlaya bilər" - deyə, Əli Mustafa əlavə edib.
Səidə Ramazanova