ABŞ İrana qarşı "sanksiya tufanı" başlatdı

"İran neftini alanlar artıq hədəfdədir".

Olaylar.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatları İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu, son 7 ildə Vaşinqtonun İrana qarşı tətbiq etdiyi ən genişmiqyaslı sanksiyalar hesab edilir:

"Əsas hədəf İran neftini müxtəlif ölkələrə daşıyan tankerlərdir. Siyahıda daşımaçılıqla məşğul olan 100 şirkətin və hüquqi şəxsin adı var.

ABŞ nəşrləri İranda neft daşımaçılığı ilə əsasən Əli Şamxaninin oğlu Məhəmməd Şamxaninin məşğul olduğunu iddia edirlər. Ali dini liderin siyasi məsələlər üzrə müşaviri olan Əli Şamxani 12 günlük müharibədə ağır yaralanmışdı. ABŞ maliyyə naziri Skott Bessent İrana qarşı tətbiq edilən 115-dən çox sanksiyanın ölkəsinin maraqlarına xidmət etdiyini vurğulayıb: "Neft satışından varlanan İran elitası ABŞ-ın təhlükəsizliyi üçün ciddi təhdiddir. Onlar neft satışından varlanaraq Yaxın Şərqdəki müxtəlif qrupları silahlandırırlar. Halbuki, sadə iranlılar ağır şəraitdə yaşayırlar".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yeni sanksiyaları Vaşinqtonun İran xalqına qarşı düşmənçiliyi kimi qiymətləndirib. Sanksiyalar şəraitində Tehranın Vaşinqtonla nüvə danışıqlarına başlayacağı ehtimalı azdır. Halbuki, 12 günlük müharibədən sonra tərəflərin danışıqlara başlayacağı bildirilirdi.

Tehran sadəcə MAQATE ilə texniki danışıqlara razılaşıb. İranın xarici işlər naziri Abbas Əraqçi "Financial Times"a müsahibəsində Vaşinqtonla danışıqlara başlamaq üçün Tehranın şərtlərinin yerinə yetirilməsi vacibliyini bildirib.

Nədir bu şərtlər? Birincisi, Əraqçinin sözlərinə görə, ABŞ müharibədəki dağıntılara görə İrana təzminat ödəməlidir.

İkincisi, Vaşinqton İrana zərbə endirməyəcəyinə dair Tehrana təminat verməlidir. Vaşinqton Tehranın bu iki şərtini yerinə yetirməyəcək, əksinə, ABŞ prezidenti Donald Tramp deyib ki, İran nüvə sənayesini bərpa etməyə çalışarsa və yenidən uranı zənginləşdirməyə başlayarsa, həmin mərkəzlərə zərbələr endirmək əmrini verəcək".

Politoloqun sözlərinə əsasən, Vaşinqton İrana qarşı sanksiyaları sərtləşdirərkən Çinin İrandan neft almasını dayandırmağı tələb edib:

"ABŞ-ın "CBS" televiziya kanalının araşdırmasına görə, Çin müxtəlif yollarla İran neftini almaqda davam edir. Deməli, İran neftini daşıyan tankerlər Malayziya sahillərinə yaxınlaşaraq nefti Çinə çatdıracaq digər tankerlərə boşaldırlar. İran neftinin 90 faizini Çin alır. Bu, Çinə sərfəlidir, çünki İran neftni həm ucuz qiymətə alır, həm də bir sıra hallarda neftin əvəzinə İrana məhsullar göndərir.  Ancaq hazırda vəziyyət dəyişə bilər.

ABŞ Konqresi İran neftini alan ölkələrə qarşı qətnamə layihəsi hazırlayır. Konqresin hesablamalarına görə, İran neftin satışından hər il 70 milyard dollar qazanır. Vaşinqton bunun qarşısını almağa çalışır. Pekin İran neftindən imtinaya hazırlaşmır. Bu isə o deməkdir ki, Çin-ABŞ münasibətləri ticarət sazişi olmadan da gərginləşəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31