Yeni düzəndə formasını dəyişən xarici siyasətimiz - ÖZƏL
24 İyul 15:53 Siyasət"III Şuşa Qlobal Media Forumu Azərbaycanın dövlətçilik tarixinə baxış, arxivlərimizin bir növ yenidən qaldırılması, xalqımızın keçdiyi yola nəzər yetirilməsi baxımından, bundan sonra isə hansı addımlar atacağımıza baxan proqnozlar verməyə də yardım edən olduqca önəmli bir platforma idi. Cənab Prezident İlham Əliyevin bütün sualları təmkinlə, diplomatik tərzdə, eynilə olduqca obyektiv şəkildə cavablandırması bir daha sübut etdi ki, dövlət başçımız dünya siyasətinə istiqamət verən siyasətçilərdən biridir. Məhz bunun nəticəsi oldu ki, Forumdan saatlar keçdikdən sonra ABŞ Prezidenti Donald Tramp dövlət başçımızın fikirlərini dəstəklədiyini nümayiş etdirdi. Sonrasında dövlət başçımızın da fövqəl dövlətin liderinə təşəkkür etməsi ilə izlənilən xətt sadəcə qarşılıqlı mesajlaşma kimi qəbul olunmamalıdır. Bu,atılacaq addımlarda müsbət məqamların, iki liderin baxışlarında fundamental fərqlərin olmadığı qədər, müsbət hadisələrin yaşanacağının dəqiq göstəricisidir. Deməli, III Şuşa Qlobal Media Forumunda dövlət başçımızın regionla bağlı səsləndirdiyi fikirlər regionda baş verən proseslərə inam baxımından istinad nöqtəsidir."
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Dünya düzəni yenidən formalaşır. Bu düzəndə Azərbaycan xarici siyasəti istiqamət deyil, sadəcə forma dəyişdirir. Qürurverici məqam həm də odur ki, Azərbaycan dövləti, onun Lideri və qürurlu xalqı bu formalaşma prosesində axına qərq olaraq sürünmür, ona istiqamət verir, yol göstərir. Məhz elə bu həqiqətin əyani göstəricisidir ki, Müzəffər Liderimiz "Heç vaxt işğalla barışmamaq" mesajını bütün dünyanın nəzərinin bir nöqtəyə cəmləşdiyi bir meydandan verir. Axı məhz Xankəndi idi ki, buradan başlayaraq regionda separatizm toxumları səpməyə başlamışdılar. Azərbaycan Qərb-Rusiya rəqabətindən istifadə etmədən öz maraqları üzərindən siyasət yürüdür. Milli maraqlar realizə edilərkən belə heç bir çətir altına sığınmadığımız kimi heç bir amildən də istifadə olunmur.
Qərb Rusiya rəqabəti isə sanki daha da qızışır. Qərb Rusiya təhdidlərinə diskret deyil, qlobal çağırış kimi baxmağı təklif edir. Bu baxımdan Qərb mediasında tez-tez tirajlanan 2027-ci ilin potensial alovlanma ili olacağı tezisi üzərində dayanılır. Əsas diqqət həm də NATO müttəfiqlərinin müdafiə xərclərini ümumi daxili məhsulun 5%-ə çatdırmaq vədlərinə əməl etmək və bu artan investisiyaların düzgün hərbi prioritetlərə yönəldilməsinə əmin olmaq üzərində qurulacaq.
Qarşılıqlı atışma ritorikada da davam edir. ABŞ-dan bu fikir gəldi ki, müasir müttəfiqlərin imkanları əvvəlkindən daha sürətli "Kalininqrad yerdən götürə" bilər. Rusiya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski isə Şərq 2 Qərb mediasına deyib ki, "Kalininqrad vilayətinə hücum Rusiyaya hücum demək olacaq, bütün lazımi cavab tədbirləri digərləri ilə yanaşı, onun nüvə doktrinasında nəzərdə tutulub". Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə isə Rusiya bir gecə ərzində ən azı 400 pilotsuz uçan aparatı, həmçinin ilhaq edilmiş Krımdan atılan "İsgəndər" raketini buraxıb. Raket zərbəsi nəticəsində Ukrayna prezidenti Vladimir Zelenskinin doğulduğu Krivoy Roqda elektrik və su təchizatının kəsildiyi də bildirilib. Məhz bu bölgənin hədəf götürülməsi isə şübhəsiz ki, təsadüf deyil. ABŞ tərəfindən NATO-nun yerüstü imkanları artırmaq, müttəfiqlərin qarşılıqlı fəaliyyətini təşviq etmək və Rusiya təhdidlərinə qarşı sürətli səfərbərliyə imkan verən yeni Şərq cinahının qarşısının alınması xətti təsvir edildi. Bu yanaşma Trampın Rusiyaya yeni sanksiyalar tətbiq etməklə hədələməsi ilə paralel gedir.
Deməli, dünyaya Rusiya və Çin tərəfindən yaranan təhdidlərə ayrı çağırış kimi baxmamaq barədə xəbərdarlıq edilir. Bu məsələdə çəkindirmənin qlobal yanaşma tələb etdiyi iddia edilir. Müştərək yanaşmada standartlaşdırılmış sistemlərə, rəqəmsal koordinasiyaya və ümumi silah işə salma qurğularına üstünlük verilir ki, bu zaman da qarşılıqlı fəaliyyətə və iqtisadi səmərəliliyə diqqət yetirilir.
Vəziyyəti kritik dəyərləndirən ABŞ müttəfiqlərin hazırlaşmağa çox az vaxtının olduğunu bildirir. Burada isə sözsüz ki, Çin və Rusiya artan əməkdaşlığının narahatlığından söhbət gedir. Belə ki, ABŞ dairələrində belə fikir mövcuddur ki, Çin prezidenti Si Cinpin Tayvana qarşı bir addım atsa, o, çox güman ki, belə bir hücumu Rusiya prezidenti Vladimir Putinlə əlaqələndirəcək ki bu da qlobal münaqişə ehtimalını açacaq. Bu baxımdan əldən gələn hər cür dəst, avadanlıq və sursata ehtiyacın olacağı vurğulanır. Üstəlik, Rusiyanın hücumları zamanı Rusiya tərəfindən istifadə edilən İran dizaynlı pilotsuz təyyarələrə də istinad edilir. Hətta ballistik raket və 28 Şahed pilotsuz təyyarəsinin eyni vaxtda hücumunun əvvəllər olmadığı da deyilir. Görünür, Rusiya dalana dirənmiş atəşkəs danışıqları fonunda yay kampaniyasını gücləndirib, birləşmiş pilotsuz təyyarələr, artilleriya və raket zərbələri endirərkən döyüş meydanında hücumunu davam etdirir.
Dünya düzəninin bu durumunda regional əməkdaşlığın önəmi daha qabarıq formada özünü büruzə verir. Məhz bu əməkdaşlıq forması ölkələrə öz daxili bazarlarının kiçik ölçüsünü aradan qaldırmaq, miqyas iqtisadiyyatına və istehsalda daha çox ixtisaslaşmaya nail olmaq, beləliklə də öz məhsullarının rəqabət qabiliyyətini artırmaq baxımından imkan yaradır. Regional əməkdaşlıq daha böyük bazara çıxış inkişaf etməkdə olan ölkələrə həm mövcud sənayeləri genişləndirməyə, həm də yeni ixrac sənayeləri yaratmağa, ixracı şaxələndirməyə və onların konkret məhsul bazarında uğursuzluqlara qarşı həssaslığını azaltmağa imkan verir. Əməkdaşlığın regional forması inkişaf etməkdə olan ölkələrin yeni texnologiyaların tətbiqi də daxil olmaqla, yaranan çağırışlara cavab vermək imkanlarını artıra bilər. Beləliklə də getdikcə daha aydın olur ki, regional ticarətin asanlaşdırılması tədbirləri beynəlxalq sərhədlərdən keçən əməliyyatların xərclərini azaltmaqla və qeyri-sərhəd maneələri aradan qaldırmaqla əhəmiyyətli faydalar təklif edir.
Azərbaycan mövcud xaotik durumda regional əməkdaşlığı təşviq edir. Xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri, Tbilisidə səfirlik üçün Azərbaycana torpaq ayrılması regional əməkdaşlıq üzərində ciddi dayanıldığının göstəricisidir. Cənab Prezident İlham Əliyev dəfələrlə fikirlərində bildirib ki, tranzit ölkə olmaq imkanı Ermənistana da təklif olunmuşdu. Lakin bundan istifadə etmədilər. İndi də şans yaranıb, Ermənistan düzgün addımlar atsa regional əməkdaşlıqdan faydalı çıxa bilər. Əks təqdirdə sadəcə iqtisadi deyil, siyasi təcridlə də üz-üzə qala bilər."
İbrahim Məmmədli