“Nənələrimizin nağılları hara yox oldu?”

Bir vaxtlar ailə daxilində nəsillərarası əlaqəni möhkəmləndirən ən mühüm vasitələrdən biri də nağıllar idi. Xüsusilə nənələr bu missiyanı üzərlərinə götürərək hər axşam övlad və nəvələrə nağıl danışmaqla, həm şifahi xalq ədəbiyyatının daşıyıcısı rolunu oynayır, həm də ailədaxili ünsiyyətin əsas sütunlarından birinə çevrilirdilər. Nağıl təkcə əyləncə deyil, həm də təlim-tərbiyə vasitəsi idi - doğru ilə yanlışı ayırd etməyi, qəhrəmanlıqla qorxaqlıq arasındakı fərqi öyrədirdi. Zaman keçdi, ailə modeli dəyişdi, texnologiya gündəlik həyatın mərkəzinə keçdi. Nağıl danışan nənələrin yeri yavaş-yavaş ekran qarşısındakı video məzmunlara verildi. Müasir uşaqların informasiya ehtiyacını artıq sosial şəbəkələr, mobil tətbiqlər və animasiyalar qarşılayır. Ailədaxili canlı ünsiyyətin azalması, sürətli həyat tərzi və valideynlərin zaman çatışmazlığı isə şifahi ənənələrin unudulmasını daha da sürətləndirir.

Bu günkü reallıq ondan ibarətdir ki, nənələrin nağıl söylədiyi səhnələr daha çox nostalji kimi xatırlanır. Bəzən bu, kənddə böyüyən uşaqlar üçün bir qədər davam etsə də, şəhər həyatında bu ənənənin artıq sistemli şəkildə yaşadığını demək çətindir. Nağıl yoxdursa, uşaq da xalq ədəbiyyatına, milli dəyərlərə o qədər də yaxın böyümür. Bu isə gələcək nəsillərin milli-mədəni yaddaşla bağının zəifləməsi riskini artırır.

Məsələ təkcə bir folklor formasının yox olması deyil. Burada daha dərinə gedərək düşünmək lazımdır: Bu prosesin kökündə hansı mədəni-sosial səbəblər dayanır? Niyə nənələr danışmır, ya da niyə nəvələr artıq dinləmir? Biz bu ənənəni necə qoruya və yenidən cəmiyyətə qazandıra bilərik?

Bu suallar ətrafında fikirlərini öyrənmək üçün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filoloq Orxan İsayevlə söhbətləşdik.

-Orxan müəllim,  nağıl, layla, bayatı kimi şifahi xalq ədəbiyyatı nümunələri bir zamanlar ailə daxilində təbii şəkildə ötürülürdü. Sizcə, bu ötürülmə zəncirinin qırılmasında əsas səbəblər nədir?

-Doğru qeyd edirsiz ki, şifahi xalq ədəbiyyatı nümunələri zəncirvari şəkildə nəsildən-nəslə ötürülürdü. Bu gün biz bu ənənənin davam etmədiyini görürük. Fikrimcə, birinci səbəbi yeni nəslin, başqa sözlə desək, uşaqların müasir  tərbiyəedici üsullarında  haqqında danışdığımız ənənələr öz əksini tapmır və yaxud çox zəif şəkildə əks olunur. Bu da zamanla şifahi xalq ədəbiyyatının gələcək nəslin tərbiyəsi üçün xalq təfəkküründən yaranan nümunələrinin unudulmasına və bu ənənə zəncirinin qırılmasına səbəb olur.

-Nağıl söyləmək bir ənənə olmaqla yanaşı, həm də bir tərbiyə və dünyagörüşü forması idi. Bu gün uşaqlar bu boşluğu hansı vasitələrlə doldurur və bu dəyişiklik onların kimlik formalaşmasına necə təsir edir?

-Nağıl, şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrıdır. Müxtəlif dövrlərdə nağıl danışmaq bacarığına malik insanlar var idi ki, onlara nağılçılar, nağılbazlar deyilirdi. Onlar müxtəlif el şənliklərində, mərasimlərdə - insanlarının toplu olduğu yerlərdə nağılı xüsusi şəkildə nəql etmək bacarığına malik idilər. Bu, nağılın daha geniş şəkildə yayılmasına imkan verirdi. Əvvəllər hər bir ailədə nağıl mütləq danışılırdı. Bu həm tərbiyəedici metod, həm də ümumiyyətlə uzun qış gecələrində, yaz aylarında - xüsusilə gecələrdə nağıl danışma ənənəsi idi. Həmçinin əyləncə metodu idi. O zamanlar indi əlimizdə olan, vaxtı keçirən texnologiyalar yox idi. Bəzən düşünürük ki, bu boş vaxtımızı doldurur, əksinə vacib vaxtımızı da alır. Amma nağılın belə xüsusiyyəti yoxdur. O həm əyləncə, həm də tərbiyəedici idi. Üstəlik, uşaqlar və ailə üzvləri o nağılı eşidərkən, həmin nağıl insanın şüurunda canlanırdı. Bu da təfəkkürün inkişafında mühüm rol oynayırdı.

-Texnologiyanın, xüsusən cizgi filmlərinin, telefon və planşetlərin uşağın dünyasında nağılın yerini tutması haqqında nə düşünürsünüz? Bu bir uyğunlaşmadır, yoxsa ciddi bir mədəni geriləmə?

-Müasir elm və texnologiyanın inkişafı həyatımızı nə qədər asanlaşdırsa da, onun çox mənfi xüsusiyyətləri də var. Düşünürəm ki, ən başlıca olanı bizi milli-mənəvi dəyərlərdən uzaq salmasıdır. Milli-mənəvi dəyərlərin azyaşlılarda formalaşmasında əsas rolu folklor - tapmacalar, bayatılar, nağıllar, yanıltmaclar və.s. oynayır. Hər biri insanın şəxsiyyət kimi formalaşmasında önəmli rol oynayır. Bu gün biz görürük ki, texnologiyanın inkişafı, indiki mobil telefonlardan əvvəl də həyatımıza televizorlar daxil olmuşdu, onlarda da artıq şifahi dildən dilə keçən nağıl motivləri, əfsanələr ekranlaşdırılmışdı. Bu ekranlaşdırma müəyyən mənada şifahi şəkildə eşidilmə effektindən uzaqlaşdı. İnsan bir şeyi şifahi şəkildə eşidirsə, onu öz təfəkküründə canlandırır. Amma televiziyada verilən verilişlər, filmlər, cizgi filmləri rejissorun necə görmək istədiyini bizə təqdim edir. O zaman təfəkkürümüz o qədər inkişaf etmir. Artıq canlandırmırıq, canlı şəkildə obraz gözümüzün qarşısında olur. Buna görə təfəkkürün inkişafı baxımından mənfi təsirlər olur. Hər halda hazırda əlimizdə olan texniki vasitələrdən uşaqlar istifadə edirlər - oyunlar oynayırlar, videolara baxırlar. Ən azından nağılların səhnələşdirilmiş variantını izləmək daha uyğun idi, nəinki indiki dövrdə. Müasir dövrdə vəziyyət daha da çətinləşib, folklor nümunələri itib batmaq üzrədir.

-Bəziləri düşünür ki, klassik nağıllar bu günün uşağına maraqlı gəlmir, çünki onların dili, strukturu və mesajları köhnəlib. Sizcə, nağılların yenilənməsi mümkündürmü, yoxsa bu müdaxilə orijinallığı pozar?

Düşünmürəm ki, nağıllarda olan mesajlar köhnəlib. Ola bilər ki, ordakı obrazlar, səhnə təsvirləri, metodlar bir qədər qədim dövrü əhatə edir və indiki uşaq onu təsəvvüründə canlandıra bilmir. Yaxşı olardı ki, o motivlər əsasında indiki yazıçılar müasir yazılar yaza bilsinlər. Bu ədəbiyyatda mövcuddur. Şifahi xalq ədəbiyyatı əsasında yazı yazmaq mümkündür. Məsələn, Süleyman Sani Axundovun uşaqlar üçün yazdığı nağıllar şifahi xalq ədəbiyyatından götürülmüş motivlər əsasında bir qədər müasirləşdirilmiş nağıllardır və həmin dövrün insanları maraqla oxuyurdular. İndi də "Göyçək Fatma" kimi nağılları alıb müasir dövrə uyğunlaşdırmaq olar. Bu, dil məsələsi deyil. Çünki indi də yaşayan uşaqlarla 100 il əvvəl yaşayan uşaqlar arasında dil fərqi o qədər də hiss olunmur. Əksinə, nağıl dili uşaq psixologiyasını daha çox cəlb edir. Dil məsələsi struktur məsələsi deyil, dünyagörüşlə bağlıdır. Müasir uşaqlar-kompüterlə böyüyən uşaqlar bir qədər  nağılda təsvir edilən həyatı təsəvvür edə bilmir. Çox yaxşı olardı ki, o motivləri, tərbiyəvi əhəmiyyətli nüansları saxlamaqla müasir həyatı o nağıllara gətirərək uşaqlara təqdim etmək. Dünyada artıq bu təcrübə var. Bu yaxınlarda Kalmıkiyada bir folklor festivalında iştirak edirdim, orada olan Yakut türklərinin dastanları kitab şəklində, şəkilli, Hollivud filmlərinin təsvirləri ilə bəzədilmiş şəkildə müasir dildə uşaqlara təqdim edilirdi.

-Şifahi xalq ədəbiyyatı təkcə folklor nümunəsi deyil, həm də milli yaddaşdır. Bu yaddaşın silinməsi xalqın öz kökü ilə bağını itirməsi anlamına gələ bilərmi? Nə dərəcədə təhlükəlidir bu proses?

-Bəli, tamamilə doğrudur. Bu məsələlərin ən təhlükəli məqamı məhz budur. Şifahi xalq ədəbiyyatı xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirir. Mən bunu sənət adlandırıram. Vaxtı ilə Finlandiyada yaşayan finlər İsveç qonşularının təsiri altına düşürdülər, hətta aristokrat təbəqəsi İsveç dilində danışır, İsveç adət-ənənələrini qəbul edirdi. Beləcə, fin xalqı silinmək təhlükəsi ilə üzləşmişdi. Bir fin alim finlərin qədim dastanını taparaq onun tədqiqi və yayılması ilə finlərin milli özünüdərkini gücləndirdi və onlar təsirin altından çıxdılar. Bu gün Azərbaycanda da belə vəziyyət müşahidə olunur. Xüsusilə müəyyən yaşlı təbəqədə, özünü müasir adlandıranlarda, xalqın milli-mənəvi dəyərlərinə yuxarıdan aşağı baxış var. Bu çox mənfi tendensiyadır. Ən təhlükəli məqam budur. Bu baxımdan şifahi xalq ədəbiyyatına qayıdış, onun gənc nəsillərə, uşaqlara öyrədilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi milli-mənəvi dəyərlərin yaşamasını təmin edə bilər.

-Uşaqlara nağıl danışmaq sadəcə keçmişə qayıtmaq deyil, həm də gələcəyin bünövrəsini qoymaqdır deyirlər. Bu fikirlə razısınızmı? Şifahi ədəbiyyat bu günün uşağını sabaha necə hazırlaya bilər?

-Uşaqlara nağıl danışmaq sadəcə keçmişə qayıtmaq deyil, həm də gələcəyin bünövrəsini qoymaqdır. "Keçmişini, tarixini bilməyən gələcəyini qura bilməz" deyimi həqiqətən də doğrudur. Bu baxımdan gələcəyə, gənc nəsilə uşaqların tərbiyəsində tarixi dəyərlər - o cümlədən şifahi xalq ədəbiyyatı - birincidir və mütləq şəkildə öyrədilməlidir. Bu, həm xalqın keçmişinin itirilməməsi, həm də milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Bundan əlavə, uşaqların şəxsiyyət kimi formalaşmasında da önəmlidir.

Nənələrimizin nağılları yalnız bir əyləncə vasitəsi deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin, kollektiv yaddaşımızın və şəxsiyyətimizin formalaşmasında mühüm rol oynayan şifahi xalq ədəbiyyatının əsas sütunlarından biridir. Lakin müasir dövrdə texnologiyanın sürətli inkişafı, ailə strukturunun dəyişməsi və həyat tərzimizin sürətlənməsi bu zəngin ənənənin davamlılığını təhdid edir. Bu proses təkcə keçmişin itməsi deyil, həm də gələcəyin təməllərinin zəifləməsi anlamına gəlir. Şifahi ənənələrə və nağıllara qayıdış, onları müasir dövrün tələblərinə uyğunlaşdırmaqla qorumaq və yaşatmaq isə milli kimliyimizin, dəyərlərimizin saxlanması üçün vacibdir.

Bizim məsuliyyətimiz gələcək nəsillərə həm köklərimizi unutmamağı, həm də dəyişən dünyada onlara doğru istiqamət verməyi təmin etməkdir.

Zeynəb Mustafazadə 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31