Bakı bu göstəriciyə görə İrəvanı üstələdi, amma...

Yaşadığımız şəhərin nə qədər yaşanılası olduğunu yalnız gündəlik qayğılarımızla deyil, beynəlxalq reytinqlərlə də qiymətləndirmək mümkündür. 2025-ci ilin ilk yarısı üçün dünyanın ən böyük statistik bazalarından biri olan Numbeo Bakı şəhərinin həyat keyfiyyəti indeksi ilə bağlı hesabat yayıb. Təəssüf ki, nəticələr arzuolunan səviyyədə deyil - Azərbaycanın paytaxtı 236-cı pillədə qərarlaşıb. Hesabatda region ölkələrinin digər paytaxtları da yer alıb. Bakı İrəvanı geridə qoysa da, Tiflis, Moskva və Ankara kimi şəhərlərdən geri qalır. Bu göstəricilər Azərbaycanın paytaxtında yaşayış şəraiti, ictimai xidmətlərin keyfiyyəti və sosial rifah səviyyəsi ilə bağlı ciddi suallar doğurur.

Qeyd edək ki, Numbeo platformasının həyat keyfiyyəti indeksində əsas meyarlar kimi yaşayış xərcləri, təhlükəsizlik, səhiyyə xidmətləri, hava və ətraf mühitin təmizliyi, nəqliyyat infrastrukturunun əlçatanlığı, alıcılıq qabiliyyəti, kirayə qiymətləri və şəhər sakinlərinin ümumi razılıq səviyyəsi nəzərə alınır.

Bu meyarlara əsaslanaraq Bakı şəhərinin 236-cı yerdə qərarlaşması bir neçə mühüm problemi ön plana çıxarır:

Bunlardan ilki nəqliyyat və infrastruktur məsələləridir. Böyük şəhər sıxlığına uyğunlaşmayan ictimai nəqliyyat, tıxaclar və piyadalar üçün yetərsiz şərait yaşam keyfiyyətinə mənfi təsir edir.

Yaşayış xərclərinin yüksəlməsi ikinci sırada yer alır. Əsas istehlak məhsullarının və kirayə mənzillərin bahalaşması Bakıda gündəlik həyatın çətinləşməsinə səbəb olur. Bəzi ekspertlər hesab edirlər ki, bu, alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə nəticələnir.

Sosial xidmətlərə əlçatanlıq da önəmli amildir. Səhiyyə və təhsil xidmətlərinin keyfiyyəti və bərabər bölgüsü də şəhər sakinlərinin razılığını azaldan faktorlardandır.

Ətraf mühit və hava keyfiyyətinə gəldiksə isə Bakının bəzi ərazilərində hava çirklənməsi və yaşıllıqların çatışmazlığı da indeksdə aşağı pilləyə düşməyə səbəb olur.

Müqayisə üçün qeyd etmək lazımdır ki, Tiflis (228-ci) və Moskva (211-ci) kimi şəhərlərdə son illərdə nəqliyyat sistemində islahatların tətbiq edilməsi, yaşıl zonaların artırılması və ictimai xidmətlərə sərmayə yatırmaqla yaşayış səviyyəsinin yüksəldilməsinə nail olunub.

İrəvanın siyahıda Bakıdan sonra qərarlaşması müəyyən üstünlüklərin qorunduğunu göstərsə də, regional liderlik iddiasında olan Azərbaycanın paytaxtı üçün bu nəticə qənaətbəxş hesab oluna bilməz. Xüsusilə 2030-cu ilə qədər milli prioritetlərdən biri olan "dayanıqlı şəhərsalma və yaşayış mühiti" istiqamətində daha çevik və məqsədyönlü addımların atılması zəruridir.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

Natiq Cəfərli 

Olaylar.az xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli hesab edir ki, Bakı şəhərinin digər paytaxt şəhərlərlə müqayisədə ilk nəzərəçarpan, amma təəssüf ki, xeyrimizə olmayan fərqi vahid mərkəzdən idarə olunmamasıdır. "Yeni Müsavat"a açıqlamasında ekspert bildirdi ki, Moskva, Tiflis və digər paytaxt şəhərlərdə mer institutu var: "Bir çox paytaxt şəhərdə mer institutu olduğu üçün şəhər təsərrüfatı vahid mərkəzdən idarə olunur. Bakı şəhərində isə pərakəndəlik var. Bir çox dövlət qurumu Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) əlavə səlahiyyətlərə malikdir. Bu cür pərakəndəlik çox zaman xidmətin keyfiyyətinə təsir göstərən amilə çevrilir. Son zamanlar xeyli iş görülməsinə baxmayaraq, böyük şəhər bələdiyyəsinin olmaması Bakının problemlərini dərindən həll etməyə mane olan faktora çevrilir". 

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli

İqtisadçı Eyyub Kərimli də mövzu ilə bağlı fikirlərini "Yeni Müsavat" la bölüşdü: "Bakı şəhərində Azərbaycanın digər regionları ilə müqayisədə qiymətlər müəyyən qədər bahadır. Bu da ondan irəli gəlir ki, paytaxt Bakıda əhalinin sayı respublikanın digər ərazilərindən daha çoxdur. Eyni zamanda Bakıya turist səfərləri daha çoxdur. Bu da tələb yaratdığı üçün qiymətlərə öz təsirini göstərir. Bu gün hotellərin sayı, o cümlədən ictimai-iaşə obyektlərində xidmət keyfiyyətinin ölçülməsi nəzərə alınır. Özəl sektor xidmət keyfiyyətinin yüksəldilməsinə can atmalıdır. Qiymətlərin optimallaşdırılması da məqsədəuyğun olar. Bunun üçün ciddi rəqabət mühiti yaradılmalıdır. Bu istiqamətdə müvafiq addımlar atılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31