Türkiyə üçün fəlakət ssenarisi: 40 illik düşmən yeni “silah” götürdü

Türkiyənin 41 ildir mübarizə apardığı PKK terrortəşkilatı ötən gündən etibarən silahı yerə qoymağa başladı. Prosesin ilk mərhələsinin gərçəkləşdiyi İraqın Süleymaniyyə şəhərinin Dukan rayonunda 30 nəfərlik qrup silahlarını təhvil verdi. Yaxın günlərdə isə ikinci mərhələnin başlaması gözlənilir. 

Ümumilikdə üç-dörd aya tamamlanması nəzərdə tutulan proses Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Xidmətinin (MİT) nəzarəti altında həyata keçiriləcək. Təyin olunmuş mərkəzlərdə toplanan silahlar xüsusi üsullarla məhv ediləcək və üçüncü ölkəyə göndərilməyəcək. Silahsızlaşdırma prosesi ilə paralel olaraq təşkilatın logistik mərkəz kimi istifadə etdiyi anbarlar da məhv ediləcək. Proses irəlilədikcə düşərgələr də boşalacaq. Cinayətlərlə əlaqəsi olmayan şəxslər istəsələr, sərbəst şəkildə Türkiyəyə qayıda biləcəklər. Onlara qarşı heç bir ittiham irəli sürülməyəcək.

Şübhəsiz, PKK-nın təslim olması, tərksilah edilməsi müsbət, hətta tarixi bir hadisədir. Bunu müasir Türkiyə tarixinin bəlkə də ən böyük qələbəsi olaraq görmək olar. Lakin prosesin anlamsız şəkildə çox sürətlə inkişaf etməsi maraq doğurur. 41 ildir mübarizə aparan, qələbə üçün hər cür vəhşiliyə, qeyri-insani rəftara, psixoloji müharibənin ən dəhşətli alətlərinə əl atan terror təşkilatının birdən-birə bu qədər sürətli bir təslimiyyət prosesinə girməsi təbii olaraq sual yaradır.

Bu qərar bəzi siyasi dairələrdə, xüsusən ölkə daxilində "Terrorsuz Türkiyə" arzularının reallaşmağa başladığı yönündə ümid doğurub. Ancaq məsələ sadəcə bu optimist qiymətləndirmələrlə yekunlaşmır. PKK-nın qərarının arxa planı, zamanlaması, məzmunu və mümkün nəticələri daha dərindən təhlil olunmalıdır. Tarixi təcrübə, regional geosiyasi reallıqlar və təşkilatın son illərdə keçirdiyi transformasiyalar göstərir ki, bu addım əslində nə son, nə də təslimiyyət deyil. Əksinə, bu, PKK-nın yeni mərhələyə keçidinin göstəricisidir.

Ümumiyyətlə, PKK-nın təşkilatın qurucusu Abdullah Öcalanı bu qədər ön plana çıxarması, həm Türkiyə cəmiyyətində müəyyən emosional reaksiyalar doğurmaq, həm də gələcəkdə onun azadlığa çıxmasına zəmin hazırlamaq məqsədi daşıdığı istisna deyil. Bu çağırışların uzunmüddətli məqsədinin Öcalanın siyasi sahəyə qaytarılması olduğu da iddia edilir. Hələlik bu ssenari zəif görünsə də, təşkilatın terrorçu lideri yenidən gündəmə gətirməsi sadəcə təsadüf hesab edilə bilməz.

PKK-nın 1980-ci illərdən bəri keçdiyi inkişaf yolu göstərir ki, bu təşkilat yalnız silahlı mübarizə ilə kifayətlənməyib. Əksinə, zamanla dəyişən şəraitə uyğun şəkildə öz taktikasını və strukturunu yeniləyərək daha mürəkkəb və çevik bir formaya keçib. 1993, 1999, 2009, 2013 və 2015-ci illərdə də oxşar şəkildə "sülh", "atəşkəs" və "silah buraxma" çağırışları edilib. Hər dəfə bu çağırışlar taktiki manevr xarakteri daşıyıb. Düzdür, bu dəfə real addımlar atılır. Amma bunu da daha çox təşkilatın formal strukturunu dəyişməsi və silahlı mübarizədən siyasi-ideoloji müstəviyə keçməsi kimi anlamaq olar.

PKK özünü ideoloji və siyasi platformalarda yenidən qurub. Təşkilat gənclər arasında təbliğat aparmaq, intellektual çevrələrə sızmaq, media və akademik sahələrdə nüfuz qazanmaq üçün sistematik şəkildə fəaliyyət göstərir. Türkiyə cəmiyyətində qruplaşmanın sadəcə terrorla yox, eyni zamanda ideoloji manipulyasiya ilə də mübarizə apardığı unudulmamalıdır. Təşkilat silahı yerə qoya bilər, amma ideyasından imtina etməyib.

GvkVsAlWsAA RhE
11 iyul, İraqda silahların təhvili prosesindən

Son illərdə PKK-nın Suriya və İraq ərazilərindəki fəaliyyətləri də bu transformasiyanın bir parçasıdır. Suriyada PYD/YPG adı altında fəaliyyət göstərən PKK uzantısı, ABŞ və digər Qərb ölkələrinin açıq və gizli dəstəyi ilə bölgədə faktiki muxtariyyətə nail olub. Colani rejiminin Suriyada hakimiyyəti ələ keçirməsinə baxmayaraq, YPG tərksilah edilməyib və öz siyasi-idari strukturlarını daha da möhkəmləndirib. Eyni zamanda, İraqın şimalında Talabanilər və Bərzanilər real gücdür. Təkcə Talabanilər faktoru belə, PKK-nın gələcəkdə yenidən silahlanması üçün yetərlidir.

İran məsələsi də diqqətdən kənarda qalmamalıdır. PKK-nın İran qolu olan PJAK, Tehran tərəfindən bəzən təzyiqlərlə qarşılaşsa da, əksər hallarda rejim tərəfindən bölgədəki güc balansının qorunması üçün istifadə edilir. İran, PJAK-ı həm Türkiyəyə, həm də İraq Kürdüstanına qarşı təzyiq vasitəsi kimi işlədir. Bu isə göstərir ki, PKK-nın fəaliyyət sahəsi daralmayıb, əksinə, daha da genişlənib və çoxvektorlu xarakter alıb.

Türkiyənin daxili siyasi dinamikaları da bu məsələdə mühüm rol oynayır. HDP və onun hüquqi varisi olan DEM Partiyası, PKK-nın siyasi xəttini parlament müstəvisinə daşımaq üçün istifadə olunur. Bu siyasi partiyalar vasitəsilə PKK, Türkiyə cəmiyyətində bir növ "normallaşma" görüntüsü yaratmağa çalışır. Lakin burada da əsas məsələ siyasi aktivlik deyil, ideoloji nüfuzdur. Bu nüfuz gənclərin beyinlərində, universitet auditoriyalarında, mediada və sosial şəbəkələrdə təbliğatla formalaşdırılır. Yəni təşkilat silah buraxa bilər, amma fikir mübarizəsini davam etdirir. Əsl təhlükə də məhz budur.

PKK-nın bu ideoloji mübarizəsinə qarşı Türkiyənin institusional səviyyədə vahid bir cavab verə bilməməsi də vəziyyəti daha da çətinləşdirir. Dövlətin müxtəlif strukturlarında - siyasətdə, mediada, bəzən hətta təhlükəsizlik orqanlarında belə - PKK-ya simpatiya ilə yanaşan, ya da onlarla taktiki əməkdaşlıq edən şəxslərin olması, təşkilatla mübarizəni daha da çətinləşdirir.

Prezident Rəcəb Tayyib Ərdoğan sonrası dövrün bu kontekstdə daha təhlükəli ola biləcəyi ehtimalı da istisna edilməməlidir. Hazırda siyasi iqtidar hələ ki, bu məsələdə müəyyən "qırmızı xətləri" qoruyur. Lakin gələcəkdə Türkiyədə yaranacaq siyasi boşluq və iqtidar dəyişiklikləri, PKK-nın siyasi platformada daha cəsarətli hərəkət etməsinə səbəb ola bilər. Bu isə təşkilatın özünü buraxdığı iddiasını tamamilə mənasızlaşdıracaq.

turan rzayev
Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31