ARÇUT (ARDIC) KƏNDİ XX əsr Ermənistan SSR mətbuatında - Türk-azərbaycan dilli yazılarda

İkinci yazı

Kənd həyatından bəhs edən yazılar -1929-1940-cı illərdə

Bütün yaşayış məskənləri kimi Arçut kəndinin də adının qəzet səhifələrində dərc olunması, orada baş verən proseslər və kəndlilərin adları onu deməyə əsas verir ki, tarixən həmin kəndlər türk-azərbaycan məskənləri  olublar. Həmçinin qeyd etmək yerinə düşər ki, kəndlərdə olan ictimai-sosial  münasibətlərin yazılarda ifadə olunması kəndin həyatının ruhunu dərk etməyə imkan verir.  Hadisələrin yazılarda əks olunması tarixi proseslərin qiyabi mənzərəsini yaradır və hafizələrdə canlanmasını təmin edir. Arçut kəndi məqalələrdə həm fərdi qaydada, həm də ətraf kəndlərlə müqayisədə ifadə olunub. Bu da özlüyündə bölgənin tarixini də öyrənmək imkanlarını bəxş edir            

Ümumiyyətlə, qəzet səhifələrində olan yazılar onu deməyə əsas verir ki,  1930-40-cı illərdə Lorı-Pəmbək zonası  özünün mədəni, ictimai və siyasi fəallığı ilə fərqlənb. Bu yöndə bölgənin Hallavar, Hamamlı, Saral, Heydərli, Xancığaz,  Qışlaq, Darbaz, Yaqublu,  Sarımsaqlı və digər kəndlərinin adları mətbuatda tez-tez hallanırdı. Aktiv bölgə olaraq qeyd olunurdu.  Yazılar başlıca olaraq kənd təsərrüfatının (fərdi və kolxoz təsərrüfatı, artel təsərrüfatı) inkişafına, eləcə də firqə (partiya)  fəaliyyətinə  həsr olunurdu. Arçut kəndinin  adının mütəmadi olaraq hallanması, qəzet səhifələrinə çıxarılması kəndin hakimiyyətin yaxın diqqətində qərarlaşmasından irəli gəlirdi. Bölgənin əhalisinin potensialı mərkəzi hakimiyyətin həssaslığını və xüsusi diqqətinin olmasını özündə ifadə edir.  Məqalələrdən görünür ki, insanlar, camaat ayıq və fəal həyat sürürmüş. Bu yöndə hakimiyyət dairələrində və ictimaiyyətdə kəndə bölgədə aktiv və potensialı olan qüvvə kimi baxılırdı. Mətbuat yazılarından görünür ki, Arçut kəndi savadsızlığın aradan qaldırılması proseslərində yaxından iştirak edir, maariflənməyə  ciddi meyl  edirmiş. Məktəblərin inşası, dünyəvi biliklərin tədrisi, müəllim kadrların hazırlığı, məktəblərin kadr təminatı, şagirdlərin biliyə olan marağı haqqında yazılar, dərsə davamiyyət məsələləri bunu deməyə əsas verir. Kənd camaatı  bir tərəfdən təsərrüfatda nailiyyətlər qazanır, digər tərəfdən də savadlanmaq yarışında özünü təsdiq edirmiş. Fiziki əmək və əqli əmək sahələrində yarışmalara qoşulurlarmış. Sosializm yarışları həyat mübarizəsinin başlıca qayəsini təşkil edirmiş.   Bu yöndə qəzetdə ardıcıl şəkildə dərc olunan məqalələr diqqəti çəkir.  Arçut mərkəzi hakimiyyətin diqqətində qərarlaşdığından kəndin idarəçiliyi də xüsusi yanaşmanı özündə ifadə edib. Kolxoz şuralığının, həmçinin partiyanın  nəzarəti haqqında yazılar da o zamanın fonunu əhatəli şəkildə açmaq üçün dəyərli mənbələr hesab oluna bilər.     Sadalanan fikirlərin sübutu qəzet səhifələrində əksini tapan yazılarda özünü açıq şəkildə  büruzə verir.               

1933-cü ilin nəşrlərinin səhifələrində           

"Qızıl Şəfəq"  qəzetinin 1933-cü il, 21 mart tarixli, N33 (790) sayında Sədi Əliyevin imzası ilə "Arçud kənd şuralığında yoxlanış" başlıqlı məqalədə yazılırdı: "Qarakilsə rayonunun Arçud kənd şuralığında, şuranın yoxlanış işləri qurtarmışdır. Yoxlanış nəticəsində nöqsanlıqlarla bərabər bir çox yeyintiliklər dəxi meydana çıxmışdır. 1932-ci ildə əldəyməz fonda toplanmış 450 put arpadan 225 putu anbarda, 116 putunu kəndlilərə verərək, qalan 109 putunu mənimsəmişlər. Həmçinin çobanlardan və başqalarından toplanmış 400 manat cərimələr yeyilmişdir".

Arçut kolxozu da digər kolxozçularla bərabər dövlətin ictimai-siyasi proseslərinə cəlb olunurdu. Kolxozçuların səsi hakimiyyət qollarında dinlənilirdi.   Arçut kolxozçuları bu yollarla özlərinin şərəfli təmsilçilik funksiyasını da yerinə yetirmiş olurdu.  Bu yöndə         "Qızıl Şəfəq" qəzeti 15 iyun 1933-cü il tarixli, N65-66 (792-3) sayında "Qurultaya yüksək keyfiyyətli qolxoz işi" başlıqlı məqaləsində  yazırdı: " İyun ayının 14-də 600 nəfər ən yaxşı zərbəçi kolxozçu, əməkçi fərdi təsərrüfatçı  və sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə İrəvan şəhərində ümum Ermənistan zərbəçi qolxozçularının birinci qurultayı açılır..." Həmin məqalədə  Arçut kənd kolxozunun sədri Mikayılın da şəkili vurulmuşdur. Şəkilin altında qeyd olunurdu: "Biz bu gün həmin zərbəçilərin nümyəndələri ilə görüşürük.  Onlar tarla qəhrəmanlarının cümhuriyyət qurultayında, öz mübarizələrinə yekun vuraraq, bolşevk kolxozu  və varlı yaşayış uğrunda yeni hücüm layihəsini tərtib edəcəkdirlər. Belə bir layihə qarşıda duran məhsul toplanışı, becərmə və alaq kampaniyası prosesində həyata tətbiq olunacaqdır. Kolxoz tarlalarının şanlı qəhrəmanları irəli, yeni qələbələrə doğru bütün qüvvət sizin əlinizdədir.." Qəzetin bu səhifəsində Arçutun zərbəçi kolxozlarından olan Yeqiş Boqosyanın və Hidayət kişinin şəkilləri vurulmuşdur. 

Kəndin mətbuatın diqqətində olmasına sübut olaraq daha bir maraqlı yazı dərc olunmuşdu. İnsanların sağlamlığı diqqətə alınır və dövlətin qayğısının cəlb olunmasının zəruriliyi bildirilirdi. Bu yöndə,               "Qızıl Şəfəq" qəzetinin 24 oktyabr, 1933-cü il tarixli, N 130 (856) sayında, "Xəstəliyin qarşısı alınmalıdır" başlıqlı məqalədə deyilirdi: "Arçut (Qarakilsə) kəndində bir növ xəstəlik əmələ gəlmiş və gündə 2-3 nəfərin ölməsinə səbəb olmuşdur. Bu barədə səhiyyə şöbəsinə məlumat verilmişsə də xəstəliyin qarşısı alınmamışdır. Qolxozçular və əməkçi tək təsərrüfatçılar xəstəlik üzündən payız şumuna mütəşəkkil olaraq  baş çəkmirlər. Xəstəlik getdikcə şiddətlənməkdədir. Rayon icraiyyə komitəsinin səhiyyə şöbəsi qəti vasitələrə müraciət edib təcili yardım işləri təşkil etməlidir".           

Dövlətin kəndin sakinlərinin savadlanmasına olan diqqətinin bariz nümunəsi olan faktlardan biri də növbəti məqalədə əks olunan yazılarda, fikirlərdə öz əksini tapır. Belə ki,      "Qızıl Şəfəq" qəzetinin 1933-cü il 20 dekabr tarixli,  N173 (899) sayında,  "Qarakilsə maarif şöbəsindəki, biabırçılıqlar nə qədər davam edəcəkdir" başlıqlı məqalədə yazılırdı: "Qarakilsə maarif şöbəsinin opportunist hərəkətlərindən və tədris işlərinin özbaşına axına buraxılması nəticəsi olaraq türk məktəblərinin də tədris planları geridə qalmışdır. Arçud kolxoz cavanlar məktəbi olduqca biabırçı vəziyyətdədir. Məktəbdə yüksək təhsil keyfiyyəti uğrunda mübarizə aparılmır. Məktəb müdiri Həmid Hümbətovun səhlənkarlığından dərslər saat 11-12-də başlanır. 5-ci və 6-cı qruplarda 5-dən artıq tələbə dərsə davam etmir. Məktəb müdiri müəllim Riza Mamedovla yoldaş olaraq Tiflis və Qarakilsə arasında alverlə məşğuldur. Kənddən yağ, pendir  və ət aparıb, əvəzinə parça gətirərək Arçud və Hallavar kəndində satmışlar. Buna canlı sübut olaraq dekabrın 6-da Tiflisə yağ, pendir və s. kimi şeylər apardıqlarını və həmin ayın 9-da alverdən geri qayıtdıqlarını göstərmək olar..."

Dövlət əhaliyə mütəmadi şəkildə informasiyaların çatdırılması məsələsini də diqqətdə saxlayırdı. Bu yöndə bel bir yazı diqqəti çəkir. "Qızıl Şəfəq" qəzetinin 30 dekabr 1933-cü il tarixli, N182 (908) sayında dərc olunan "Radiolar hələ də səssizdir" başlıqlı məqalədə  yazılırdı: "Hal-hazırdakı, momentin tələbini ödəyib, kolxozçuları gündəlik məsələlər və yeniliklərlə tanış etmək, onların mədəni istirahətinin  təmini üçün radiolara böyük əhəmiyyət vardır. Lakin Arçud (Qarakilsə) şuralığında bu mühüm məsələ bir dəfəlik unudulmuşdur. Kənd şurasının fond torpağı kənddə mədəni maarif sahəsini gücləndirmək üçün əkilmişdir. Halbuki alınan məhsulun nə məqsədlə işlədildiyi hələ də məlum deyildir. 750 manata alınmış radio aparatı, kolxozçuların mədəni istirahətini təmin etmək və onlara bədii-siyasi cəhətdən yardım göstərmək əvəzində, istifadə olunmayaraq, kənd şurası idarəsində  atılıb qalmışdır. Şura sədri bu ana qədər aparatın işə salınması üçün rayondan mexanik tələb etməmişdir. Rayon radio məntəqəsi radio aparatının əməkçi kəndli kütləsinin mədəni yardımına vermək üçün hazırlamalıdır".

Eyni adlı  qəzetin 30 dekabr 1933 tarixli, N 182(908) sayında "Firqə və qomsomol məarifi şəbəkələrindəki nöqsanlara mütləq nihayət verilməlidir" başlıqlı məqalədə bu kimi yazılar əks olunurdu: "Qarakilsə rayonunun bir sıra kəndlərində firqə  və komsomol siyasi təhsil dərnəklərinin işləri möhkəm əsaslar üzrə qurulmuşdur. Rayonun Arçud kəndində təşkil edilmiş qışı siyasi təhsil dərnəkləri kəndin kommunist, komsomol və bitərəf gənclərini öz ətrafına cəlb etməklə, vaxtında ədəbiyyat proqram və təbliğatçı kadrı ilə təmin edildiyindən burada dərnək məşğuliyyətləri müntəzəm aparılmaqdadır. Dərnək, 17-ci firqə qurultayı adına bir aylıq yürüş ayı elan etmişdir. Yürüş ayında dərnək üzvlərindən heç birisi dərsdən qaib olmadıqları kimi, verilmş temaları vaxtında mənimsəyirlər. Dərnəkdə bütün kommunist, komsomol və bitərəf gənclər özlərini 17-ci firqə qurultayı adına zərbəçi elan edərək, yüksək dərs keyfiyyəti uğrunda bolşevikcəsinə mübarizəyə girişmişdilər. Burada 17-ci firqə qurultayı adına özlərini təhsil zərbəçiləri elan edənlərdən B. Qoçayev, H. Nəqiyev və sairələri dərnək məşğuliyyətlərinə müntəzəm davam etdikləri kimi, onlar verilmiş temaları vaxtlı-vaxtında mənimsəyirlər. 17-ci firqə qurultayı adına özlərini zərbəçi elan edənlərin özləri dərsləri mənimsəməklə kifayətlənməyirlər, onlar dərnəkdə olan zəifləri öz buqsirliklərinə alaraq, onlara dəxi dərsləri mənimsədirlər. Burada dərnək rəhbərinin sədri Sədi Əliyev dərnəkdə aktiv metodla dərs keçir..."

1934-cü ilin nəşrlərinin səhifələrində                   

"Qızıl Şəfəq" qəzetinin 6 fevral 1934-cü il tarixli, N31 (989) sayında "Yaz əkininə hazırlıq işləri canlıdır" başlıqlı məqalədə ("Kolxozçu" imzası ilə) yazılırdı: "Arçud (Qarakilsə) kənd şurası məhəlli firqə özəyi ikinci beşilliyin, ikinci bolşevik yazına ciddi hazırlaşırlar. Yaz əkin kampaniyasını müvəffəqiyyətlə keçirmək və keçən ildəki nöqsanları aradan qaldırmaq üçün indidən yaza hazırlıq işlərini canlandırırlar. Keçən il kənd təsərrüfatı alətləri qar və yağışın  altında puç olmuşdur. Bu il kənd şurasının və məhəlli firqə özəyinin çalışqanlığı sayəsinə kənd təsərrüfatı sahələri payızdan hesaba alınıb və təmirə ehtiyacı olanları təmir edilmişdir. Kənd təsərrüfatında lazım olan alətlərin siyahısını MTS-ə vermişlər. Qoşqu malları kaloniyalara təqsim olunmuşdur. Rayonun bütün şuralıqları Arçud kənd şurasından nümunə götürməklə, yaza hazırlıq işlərini canlandırmalıdırlar. (Qeyd: MTS-Maşın Tarktor Stansiyaları deməkdir).              

"Qızıl Şəfəq" qəzetinin 28 fevral 1934-cü il tarixli, N47 (955) sayındakı Qarakilsə və Stepanavan rayonlarında kolxoz gənclər məktəblərinin vəziyyəti"  (Müəllif: Səyyar) başlıqlı məqalədə yazılırdı: "Arçut (Qarakilsə) kənd kolxoz gənclər məktəbi öz işlərində böyük yeniliklər yarada bilmişdir. Burada tələbələrin müntəzəm dərslərə davamı, məktəbin nizam-intizamının düzgün qurulması, tədrisat ləvazimatı və proqramların vaxtında ələ gətirilməsi. Fizika təbiət dərslərinə lazımı laboratoriya təmini, pedaqoji şurasının və metod iclaslarının vaxtlı-vaxtında çağrılması, müəllimlər və tələbələr arasında sosyarış və zərbəçilik işlərinin yaxşı aparılması, müəllimlər heyyətinin bir-biriləri ilə sıx əlaqəsi və sairə yüksək dərs keyfiyyəti uğrundakı mübarizəni qat-qat artırır. Saral və Qursalı kənd kolxoz gənclər məktəbləri dəxi Arçut məktəbindən geridə qalmayırlar..."

Eyni adlı  qəzetin  4 mart 1934-cü il tarixli,  N49, (957) sayında "Komsomol özəkləri yaz səpininə hazırlıqda geri qalmamalıdırlar" başlıqlı məqalədə (Başarski imzası ilə)    yazılırdı: "Hal-hazırda qarşıda duran ciddi məsələ bolşevik yaz əkin kampaniyasını müvəffəqiyyətli keçirməkdən ibarətdir. Yaz əkin kampaniyasını vaxtında yerinə yetirmək işində komsomol özəklərinin görəcək işləri böyük və ağırdır. Bu vəzifəni müvəffəqiyyətli yerinə yetirmək işini komsomol özəkləri mütləq edə biləcəklər...Yaz əkininə hazırlıq sahəsində ciddiyyətlə çalışan Vəli kişi qoşqu mallarını yaxşı saxlamaq və sair bu kimi bir sıra mühüm işləri görmək üçün komsomollardan etməmişdilər. Özək üzvləri arasında tərbiyyə işləri zəif aparılması üzündən onlar istehsalata cəlb olunmamışdılar...

Sözügedən  qəzetin 21 mart 1934-cü il tarixli, N63 (971) sayında, Məmməd Əliyevin imzası ilə dərc olunan  "Yaz əkini işlərinə başlanıldı" başlıqlı məqalədə yazılırdı: "Qarakilsə rayonunda yaz əkininə hazırlıq işləri bolşevikcəsinə aparılır. Rayonun kolxozlarında qoşqu heyvanlarının  bəslənilməsinə xüsusi əhəmiyyət verilir. Mart ayının 10-da Arçud, Haçıqara, Qışlaq və Dərməb kəndlərində əkin yerlərini peyin gübrəsi ilə gübrələnməsinə başlanmışdır. Yaz əkininə hazırlıq işlərində Arçud şuralığının kolxozları irəlidə gedirlər. Bu şurada inventarlar təmin olunmaqla, toxumlar təmizlənilmişdir. Qoşqu heyvanlarının yemlənməsi üçün möhkəm yem bazası yaradılmışdır. Əməkçi fərdi təsərrüfatçılar arasında yaz əkininə hazırlıq işləri canlandırılmışdır. Kənd şurasının üzvü Məhəmməd və İsa yoldaşlar əməkçi təsərrüfatçıların toxumlarının təmizlənməsi işini gücləndirmişdir. Yolların və körpülərin təmir edilməsi işinə başlanılmışdır. Arçud şuralığı yaz əkini planlarını müvəffəqiyyətlə yerinə yetirmək üçün Hallavar və Saral kənd şuralıqları ilə sosyarış müqavilənamələri bağlamışdır. Bütün kolxozlar və kənd şuralıqları Arçud şuralığının  yaz hazırlıq işindəki bolşevik iş nümunələrini mənimsəməlidirlər"

Qəzetin  5 aprel 1934-cü il tarixli, N76 (984) sayında, "Qara kilsə qabaqcıllar sırasında" başlıqlı məqalədə,  Q.Məsimovun imzası ilə yazılırdı: "Qarakilsə rayon firqə və şura təşkilatları Ümum İttifaq 17-ci qurultayının maldarlıq təsərrüfatının inkişafı haqqında qərarının bolşevikcəsinə yerinə yetirilməsinə qoşulmuşlar. Rayon firqə komitəsi bu işi firqə təşkilatlarının yenidən qurulması ilə əlaqələndirmişdir. Özəklərin yenidən qurulduğu vaxt ən yaxşı zərbəçi firqə təşkilatçıları maldarlıq fermalarına təhkim olunmuşlardır. Saralda firqə təşkilatçısı Şıx Əli yoldaş kolxozun maldarlıq fermasına başçılıq edir. O, fermada möhkəm əmək intizamı yaratmışdır, uçot düzgün təşkil edildiyindən fermada çalışanların əmək günləri düzgün hesaba alınır. Fermaçılar arasında sosyarış və zərbəçilik genişlənmişdir....Şıx Alının fermasında hər 10 gündə bir dəfə mallar yuyulmuş və ayaqları təmizlənmişdir....Hər bir kolxozçunun varlanması onun namusla çalışmasından asılıdır. Qabaqcıl kolxozçular isbat etdilər. Qabaqcıl Arçud kolxozçuları maldarlıq işini mnöhkəm surətdə təşkil etmişlər. Onlar 17-ci firqə qurultayı qərarlarını yerinə yetirmək üçün geniş kolxozçu kütləsini səfərbərliyə almışlar..."

Qadınların cəmiyyətin bərabərhüquqlu üzvlərinə çevrilməsi amili də dövlətin nəzarətində idi. Dövlət dünyəvi cəmiyyətlər yaratmaq uğrunda mübarizə aparırdı və bu yöndə qadınları da rasional cəmiyyət quruculuğuna cəlb edirdi. Qadın əməyindən hərtərəfli və səmərəli istifadə etmək və onlara işıqlı dünya bəxş etmək bir prinsip idi. Qadınların savadlanması, dünyaya açıq baxışlarının, aydın təfəkkürlərinin formalaşması da mühüm bir şərt idi.

"Qızıl Şəfəq" qəzetinin 16 aprel 1934-cü il tarixli, N84 (992) sayında dərc olunan "10 qadın savadsızlığını təsviyyə etmişdir" başlıqlı məqalə diqqət çəkir. Bu baxımdan da  (müəllif: M.Ə.) yazılırdı: "Arçud (Qarakilsə) kənd kolxozçu və əməkçi tək təsərrüfatçı qadınlar arasında kütləvi izahat işlərinin bolşevikcəsinə aparılması nəticəsi olaraq kəndin bütün qadınları savadsızlıq təsviyyə kurslarına cəlb edilmişdirlər. Kurslar vaxtında tədrisat ləvazimat hazırlıqlı müəllim kadrları ilə təmin oldunduğundan tədris planlarının səmərəli keçirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsinə imkan yaradılmışdır. Qadınlar kursunda dərs verən müəllimə Kösər Əliyevanın şəxsi fəaliyyəti nəticəsində 10 savadsız qadın tamamilə savadlanmış və qalanları isə savadsızlıqlarını təsviyyə etmək üçün savad kurslarına cəlb edilmidirlər. Kursa davam edənlər sırasında sosyarış və zərbəçilik iş metodlarından geniş istifadə olunur. Az müddət içərisində savadsızlığın təsviyyə edən zərbəçi qadınlardan Şəkər Qızxanım Namaz qızı, Tükəzban Qurban qızı və Ayna Şəmil qızını göstərmək olar. Arçutlular müvəffəqiyyətləri möhkəmləndirərək bu işdə daha böyük qalibiyyətlər uğrunda mübarizəyə qoşulmalıdırlar" (Qeyd: lüğətə əsasən, təsviyə etmək-ləğv etmək, aradan qaldırmaq mənasında işlənilir)

"Qızıl Şəfəq" qəzetinin 30 may 1934-cü il tarixli, N117 (1025) saylı nömrəsində  "Arçut məktəbinin nümunəsi ilə" başlıqlı yazı verilmişdir. Yazıda qeyd olunurdu: "May ayının 20-də Qarakilsə rayon məktəblərində yoxlama imtahanları başlamışdır. Yoxlama imtahanına hazırlıq işləri bir ay bundan qabaq aparılıb, tələbələr arasında izahat işləri genişləndirilmişdir. Arçud kolxoz gəncləri məktəbi tədrsi ilinin əvvəlindən öz işlərini möhkəm əsaslar üzərində quraraq, əhatə etdiyi tələbə və talibəni yüksək təhsil keyfiyyəti uğrunda mübarizəyə qoşmuşdur. Tələbələr tədris ləvazimatı ilə təmin edilib, keçilən nəzəri dərslər təcrübə ilə əlaqələndirilmişdir. Məktəb son yoxlama imtahanında böyük müvəffəqiyyətlər əldə etmişdir. Birinci qonsentr tələbələrindən 4,5 faiz zəif qiymət almışdılar. İkinci qonsentrdə zəiflərin faizi daha aşağıdır. Müəllimlər arasında sosyarış və zərbəçilik iş metodları geniş yer tutur. Son zamanlar müqavilənamələr yoxlanılaraq həqiqi zərbəçilər meydana çıxarılmışdır. Bunlardan R.Mamedov və M. Əliyev ən gözə çarpanlarıdır. Politexnik müəllimi A.Vəkilov keçilən işlərə aid sərgi təşkil etməyə başlamışdır. Bu sürətlə məktəbin bir illik zəhməti geniş kolxozçu və əməkçi tək təsərrrüfatçı kütlələrinin nəzərinə çatdırılacaqdır. Rayonun Qursalı kolxoz gənclər məktəbi yüksək keyfiyyət uğrunda mübarizədə Arçud məktəbindən geridə qalmır. Burada dəxi yoxlama imtahanları müvəffəqiyyətlə qurtarmışdır..."   (Qeyd: qonsentr (konsentr)-lüğətə əsasən, pedaqoqiqada tədris mərhələsi hesab olunur. Mərhələdə məzmun qalır, lakin material genişləndirilir.  "Konsentr" həmçinin bir və həmin materialın fərqli səviyyələrdə öyrənilməsi üçün təşkil olunan mərkəzləşmiş kurs mənasını da verir).

"Qızıl Şəfəq" qəzetinin 18 iyun 1934-cü il tarixli, N133 (1041) sayında "Yeni dərs ilini hazırlıqlı qarşılayacaqlar" başlıqlı məqalədə yazılırdı: "Qarakilsə rayonu maarif şöbəsi, 34-35 tədris ilini hazırlıqlı qarşılamaq üçün işə qoşulmuşdur. Rayonda məktəb müdiri və müəllimlərin geniş müşavirəsi çağrılıb, orada yeni tədris ilinə hazırlıq haqqında Beriya yoldaşın məktubu kütləviləşdirilmişdir. Rayonda məktəblərin təmirat işlərinə başlanılmışdır...Rayonun Arçud kolxoz gənclər məktəbi qabaqcıl məktəblərdən olub qəbul işlərini qurtarmışdır. Məktəbin yeni binasının inşaatı sürətlə irəliləyir..." Həmin qəzetin eyni nömrəsində "Yeniləşmiş rəhbərlik işləri canlandırır" başlıqlı məqalədə (müəllif: M.Ə.)  yazılırdı: "Arçud (Qarakilsə) kənd şuralığına yeni təyin edilmiş şura sədri Rəsil Qazıyev şura işlərində həqiqi dönüş yaratmışdır. Kənd şurası 34-cü ilin dövlət tapşırıqlarını yerinə yetirmək uğrunda geniş mübarizə edir. Şuralıqda verilmiş 34-cü ilin ət hazırlıq planı 93,7 faizlə ödənilmişdir. Kənd şurası ət planını ödədiyi kimi yağ hazırlığı və yun tədarükü planlarını dəxi ödəyir. Şuralıq 5700 manatlıq ikinci beşilliyin  ikinci il istiqraz planını tamamilə yayaraq pulunu toplamaqdadır. İstiqraz pullarını toplamaq məqsədilə təşkil edilmiş briqadalar əməli işə keçərək bu sahədə nümunəvi iş görmüşlər. 17-ci firqə qurultayının sosializm maldarlığının inkişafı haqqındakı qərarını kənd şurası kolxozçu və əməkçi fərdi təsərrüfatçılar sırasında kütləviləşdirərək, bu qərarın yerinə yetirilməsi uğrunda ciddi çalışır. Kənd şurası ümumittifaq kənd şuraları konkursuna daxil olaraq, bu sahədə bolşevikcəsinə mübarizəyə qoşulmuşdur. Kənd şurası, şura seksiyası və nümayəndə qruplarını konkurs ətrafına toplayaraq birinciliyi qazanmağa çalışır".   

Sözügedən  qəzetin 22 iyun 1934-cü il tarixli, N136(1044) sayında, Mal-qaranın tələf olmasına imkan verilməməlidir" (ÖZÜ imzası ilə)  başlıqlı məqalədə yazılırdı: "Arçud (Qarakilsə) kəndində maldarlıq işinə əhəmiyyət verilmir. Ayrı-ayrı adamlar malları gizli öldürüb ətini satırlar. Burada 17-ci firqə qurultayının maldarlıq haqqındakı qərarları lazımınca yerinə yetirilmir. Köçərilər arasında maldarlıq cəbhəsində aparılan işlər yaxşı qurulmadığından malların çiftləşdirmə işləri tamamilə unudulmuşdur. Kənd şurası maldarlığın inkişafına yardım etmir. Bu kənddə cins buğa əldə etmək məqsədilə toplanan pullar xüsusi şəxslərin ciblərində qalmaqdadır. Qolxoz firqə təşkilatı bu biabırçı hallara nəhayət verməklə, maldarlıq işində dönüş yaratmalıdır"         

Qeyd:  O zaman ideoloji prinsip kimi kolxozlara başlıca olaraq bolşeviklərin, inqilabçıların adları verilirdi. Bu baxımdan da Arçut kəndinin kolxozu  ilk dəfə  "Musabəyov" adına olub. Musabəyovun adına Ermənsitanın başqa rayonlarında da kolxozlar olub.   Bu yöndə "Qızıl Şəfəq" qəzeti 21 avqust 1934-cü il tarixli, N184 (1092)  sayında M.Əliyevin imzası ilə " Musabeqovçular planı ödədilər" başlıqlı məqalədə  yazırdı: "Arçut (Qarakilsə) kənd "Musabeqov" kolxozu firqə və hökumət qərarlarına əməl edərək, kolxozun öhdəsinə qoyulan 15 sentner tədarük planını artıqlaması ilə ödəmişdir. "Musebeqov" kolxozu məhsul toplanışını yaxşı təşkil etdiyindən bir dənə də sümbül itməmişdir. Bütün kolxozçular məhsulun itkisiz toplanması uğrunda mübarizə etmişdilər. "Musabeqovçular" varlı və mədəni həyat uğrunda mübarizə edərək, bu il bol və keyfiyyətli məhsul əldə etmişdilər".  Qəzetin 10 yanvar 1937-ci il N8 (1729) sayında "Fikir verilməlidir" (Müəllif: Qızıl-Quş) başlıqlı məqalədə yazılırdı: "Arçud (Kirovaqan) kənd "Musabəyov" kolxoz sədri Mikayıl Məmişovun səhlənkarlığından məhsul toplanışından iki aydan artıq keçməsinə baxmayaraq, kolxozun inventarlarından taxıl sovuran maşın və başqa alətlər hələ indiyə kimi çöldə qarın altında qalıb xarab olmaqdadır. Kolxozun qoşar heyvanlarına yaxşı baxılmadığından zəif bir haldadırlar. Bu il sentyabr ayında 50 təsərrüfat kolxoza daxil olmuşdur. Kolxoz sədrinin isə soyuq yanaşmasından onlar hələ indiyə kimi qoşar mallarını birləşdirmədikləri kimi, toxum da verməmişdirlər. Rayon torpaq şöbəsi bu işə fikir verməlidir". 

Qəzetin  16 avqust 1934-cü il tarixli, N180 (1088) sayında, "1912-ci ildə anadan olan çağırışçılardan bir nəfər də savadsız olmamalıdır" başlıqlı yazıda qeyd olunurdu: "Qarakilsə rayonunun bir sıra kəndlərində 12-ci ildə anadan olanlar arasında savadsızlığı ləğv işləri zəifdir...12-ci ildə anadan olanların savadlandırılması işində Saral və Arçut kənd şura sədrləri dəxi yaxşı çalışırlar".              Qəzeti özünün 16 avqust 1934-cü il tarixli, N180 (1089) sayında "Maliyyə vasitələrinin səfərbərliyi uğrunda mübarizəni genişləndirirlər" (ÖZÜ imzası ilə) başlıqla məqaləsində qeyd olunurdu: "Qarakilsə rayon maliyyə şöbəsi, maliyyə vasitələrinin səfərbərliyə alınması işinin əhəmiyyəti haqqında geniş izahat işləri aparmışdır. Rayonun Hallavar və Haydarlı kəndlərində ikinci beşilliyin ikinci il istiqrazı və mədəni vergilərin toplanması işində böyük müvəffəqiyyətlər əldə edilmişdir. 9690 manatlıq istiqraz yayılmşdır və 11795 manat 74 qəpik mədəni vergi toplanmışdır. Bu kənd şuraları arasında maliyyə vasitələrinin səfərbərliyə alınması işində bağlanılan sosyarış müqaviləsi (yazıda müqavələnaməsi kimi qeyd olunub)  sürətlə həyata keçirilir. Rayonun Qursalı və Saral şuralıqlarında mədəni verginin toplanması işində Hallavar və Haydarlı şuralığından geridə qalmırlar. Qursalı kəndində 9600 manat könüllü vergi toplanmışdır. Mədəni vergi planı isə 100 faizlə ödənilmişdir. Saral şuralığında toplanılacaq 7000 manat mədəni vergidən 6500 manat toplanmışdır. Arçud kəndində vergilərin toplanması işi geridə qalır. Kənd şurası maliyyə vasitələrinin səfərbərliyə alınması və vergilərin vaxtında toplanması planının kəsirsiz ödənilməsi üçün bütün qüvvələrdən geniş istifadə edə bilmir. Bu səbəbdən də toplanılacaq 6000 manat vergidən hələ 400 manat toplanmışdır. Hamamlı və Xancığaz şuralıqları daha biyabırçı bir vəziyyətdədirlər..."

Sözügedən qəzetin  22 noyabr 1934-cü il tarixli, N256 (1160)) sayında Məmməd Əliyevin imzası ilə ""Musabəyov" kolxozu məhsul bölgüsünü nümunəvi keçirmişdir" başlıqlı məqalədə yazılırdı: "Arcud (Qarakilsə) kənd "MUSABƏYOV" kolxozçuları varlı və mədəni kolxozçu yaşayışı uğrunda ciddi mübarizəyə qoşulmuşdurlar. Kolxoz heyəti və firqə təşkilatının canlı rəhbərliyi  altında kolxozçuların namuslu işi varlı kolxozçu həyatını canlandırır. Keçən il hər əmək gününə 5 kilo, bu il isə 7 kilo taxıl götürmüşlər. Bundan başqa hər əmək gününə 2 kilo kartof və 500 qram pendir alınmışdır. Kolxozda hərtərəfli hazırlıq işləri aparıldıqdan sonra nümunəvi  məhsul bölgüsü həyata keçirilmişdir. Briqada və həlqələrdə aparılan işlər yoxlanıldıqdan sonra, hər kolxozçunun əmək günləri düzgün olaraq hesaba alınmışdır. Briqadalar və həlqələr arasında bağlanmış sosyarış müqavilənamələri yoxlandıqda, müsbət nəticələr əldə edilmişdir.     Zərbəçi kolxozçulardan Alı dayı və oğlu Hidayət 300 əmək günlərinə 140 put taxıl və kartof (kartofil) almışlar. Kommunist Yeqiş Boqosyanın 175 əmək günü vardır. Yeqiş bu ilki gəlirindən bir inək alacaqdır. Kolxozçuların məktəb yaşlı uşaqları məktəbdə iştirak etdikləri kimi yaşlılar üçün gecələr savadsızlığı ləğv  dərnəyi təşkil edilmişdir. Kolxoz payız əkini planını 125 faizlə ödəmişdir. Kolxozda maldarlığın inkişafı və qışa hazırlıq işləri yaxşı təşkil olunmuşdur. "MUSABƏYOV" kolxozçuları inəksizliyin ləğvi uğrunda qonşu kolxozlar ilə yarışa girmişlər"

"Qızıl Şəfəq" qəzetinin 12 (ya da 19) dekabr 1934-cü il tarixli, N272 (1174) sayında "Qafar Cəfərov müəllimlikdən qovulmalıdır" (müəllif: GÖRƏN) başlıqlı məqalədə yazılırdı: " Arçut (Qarakilsə) kənd müəllimi Qafar Cəfərov məktəbdə daxili intizamı bərpa etmək və təhsil keyfiyyətini yüksəltmək əvəzində, daha da məktəbin iş prosesinə zərbə vurur. Q.Cəfərov sinifdə intizamı saxlamaq və keçdiyi dərsləri tələbələrə mənimsətmək üçün keçmiş məktəb qanunlarından isttifadə edib tələbələri döyür. Onları dərs zamanı sinifdən bayıra çıxarır. Buna canlı sübut olaraq birinci sinif tələbələrindən Əmir Şərif oğlunu, ikinci sinifdən Hüseyn Rəhim oğlunu, üçüncü sinifdən Məmməd Alı oğlunu  və dördüncü sinifdən Dursun Rəhim oğlunu döyərək sinifdən çıxardığını göstərmək olar. Qafar Cəfərov kənddə şura müəlliminə layiq nüfuzə malik deyildir. O, öz talibəsi (yəni, qız tələbəsi) Nənəxanım Məmməd qızını almışdır. Bundan başqa məktəbə cəlb olunan qızlar və kənd qadınları arasında müəllimə layiq olmayan yaramaz hərəkətlərdə bulunur. Qafar Cəfərov haqqında dərc olunan bu material ilk dəfə həmin kənd təşkilatına təhqiqata göndərilmişdir. Təhqiqat nəticəsində materialın doğru olduğu idarəmizə bildirilmişdir. Rayon maarif şöbəsi şura müəllimliyinə layiq olmayan Qafar Cəfərovu başqa müəllimlə əvəz etməlidir".

"Qızıl Şəfəq" qəzetinin 26 iyul 1934-cü il tarixli, N164 (1072) sayında "Arçut şurasının nümunələrini mənimsəməli" başlıqlı məqalədə (müəllif: H. Hümbətov) yazılırdı: "Arçut kənd şurası şura seksiyaları arasında möhkəm nizam-intizam yaratmışdır. Şura sədri Ümum İttifaq şuralar müsabiqəsinə qoşularaq bu sahədə rayonun Xancığaz kənd şuralarını yarışa çağırmışdır. Şura üzvləri və nümayəndə qruplarının əməli yardımları nəticəsində 8160 kilo ət hazırlığı planından 5500 kilosunu toplayaraq iki və üçüncü kvartal planlarını ödəmişdir. Şuralığa verilmiş 2937 kilo süd hazırlığı əvəzində 15915 kilo süd toplanılıb dövlətə təhvil verilmişdir. Burada istiqraz pullarının toplanması irəlidədir.Şura 4500 manatlıq "İkinci beş illiyin ikinci il" istiqraz pulundan 2750 manat nağd toplayaraq rayon maliyyə şöbəsinə vermişıdir. Burada illik yun hazırlığı planı 89 faizlə ödənilmişıdir. Yol inşaat işlərinə dəxi artıq dərəcədə fikir verilir. 5 kilometr uzunluğunda yeni bir yol hazırlanmışdır. Sosializm maldarlığının inkişaf etdirilməsinə lazımi dərəcədə əhəmiyyət verilir, otlaqlardan səmərəli istifadə edilir..."     

Ardı var...

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. "ARDIC" Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

 10  iyul 2025

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31