Kilsə ilə savaş, Qərblə yaxınlıq: Bu dəyişikliklər Azərbaycanın mövqeyini gücləndirirmi?- ÖZƏL

Ermənistanda hökumətlə kilsə arasında gərginlik artır, bir neçə kilsə xadimi çevrilişə çağırış ittihamı ilə həbs olunub. Nikol Paşinyan hakimiyyəti bu addımlarla öz mövqeyini möhkəmləndirməyə çalışır. Qərb, xüsusən Fransa və Avropa İttifaqı rəsmiləri, Paşinyana dəstəyini açıq şəkildə ifadə edir və həbslərlə bağlı narazılıq bildirmir. Bu, Ermənistan daxilində militarist-mühafizəkar dairələrin zəifləməsinə yol aça bilər. Belə bir fonda Azərbaycan üçün regionda yeni geosiyasi imkanların yarandığı ehtimal olunur.
 
Paşinyanın Qərblə yaxınlaşması fonunda Azərbaycan bu prosesləri necə izləməlidir: bu, təhlükədir, yoxsa fürsət?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Erməni siyasətində şovinizmin sonu Azərbaycanın xeyrinədir:

"Ermənistanda Paşinyan iqtidarının hakimiyyətə gəlməsindən sonra və xüsusilə bu günlərdə köhnə təfəkkürə qarşı açılan savaş həm keşişlərin dini siyasi alətə çevirmək vasitəsilə, həm də hərbi-siyasi elitanın Rusiyanın sanki bir qubernatoru imiş kimi siyasətə yanaşması və Ermənistanı israrla Rusiya dövlətinin forpostuna çevirmək siyasətinə qarşı bir cəbhə alınmış reallığı bizə göstərir.
Bu, o zaman faydalıdır ki, Rusiya tərəfi tarixən erməniləri Azərbaycana və ümumiyyətlə, Türk-İslam dünyasına qarşı bir silah olaraq istifadə edib. Hələ II Yekaterina dövründə ona yazılmış sənədlərdə qarşımıza çıxır ki, müsəlman dünyasının şimal sərhədlərində, xüsusən Qarabağ kimi önəmli bir bölgədə erməni dövləti yaratmaq lazımdır. Bu, xristian dünyasının İslam dünyasını qəlbinə sancdığı bir xəncərə çevriləcək. 
İndi həmin təfəkkürdən çıxış edən Rusiya tərəfi iki əsrdən çoxdur ki, Ermənistanı bu məqsədlər üçün istifadə edir. Ermənilər də elə anlayırdılar ki, ruslar onları sevdiklərinə və ya həqiqətən müstəqil və bağımsız bir erməni dövləti istədiklərinə görə bu siyasəti yürüdürlər. Təbii ki, bu aldanmanın, bu siyasi yanlışlığın nəticəsində bu gün biz nə ilə qarşılaşırıq?  Ermənistan dövləti beş il əvvələ qədər Türkiyə və Azərbaycanla sərhədləri bağlanmış, dünyada işğalçı dövlət kimi tanınan, BMT səviyyəsində belə bunun təsdiq olunduğu sənədlərlə qəbul edilmiş bir reallıq içində idi. Nəticə etibarilə də Ermənistan dövləti nəinki inkişaf edə bilirdi, həmişə təhlükə və qorxu içində yaşayırdı. Bu təhlükə və qorxu isə tamamən əsassız iddialardan doğmuşdu.
O iddialar ki, rusların əli ilə buradakı ermənilərin üzərində vurulmuş bir qorxu idi - "türklər sizin düşməninizdir", "türklər sizi öldürəcəklər", "müsəlmanlar qatildir" və s. Bax, bu yalanlara aldanan erməni cəmiyyətinin düşüncəsi korlandı və onların ideoloji əsasları terrorizm və qətliam üzərində formalaşdırıldı. Necə ki, Rusiya imperiyası digər xalqlara qarşı davranırdı, erməniləri də o təfəkkürə sahibləndirdilər və onları öz məqsədləri üçün istifadə etdilər.
Bax, bu gün Paşinyanın bu köhnə təfəkkürü yıxmaq siyasəti bu nöqtədə faydalıdır. Ona görə faydalıdır ki, artıq Ermənistan cəmiyyətində də sivil düşüncələr formalaşa bilər, ermənilər bu zərərli tarixi yaddaşlarından qurtula bilərlər. Nəticə etibarilə "dənizdən dənizə Ermənistan", "Böyük Ermənistan" xülyalarının Ermənistan cəmiyyəti üzərindəki təsirləri bu nöqtədə azala bilər.
Çünki Paşinyan hər nə qədər anti-Azərbaycan fikirlərə sahib olsa da, zaman-zaman Azərbaycana qarşı addımlar atsa da, nəticə etibarilə görürük ki, o, digər erməni siyasətçilərinə - məsələn, Sarkisyan, Koçaryana və erməni kilsəsinə nəzərən - reallıqları daha yaxşı görən, başa düşən, sivil dünyanı daha yaxşı anlayan bir fiqur kimi ortaya çıxır. Onun yeni yanaşmaları Ermənistan cəmiyyətində irqçiliyi, şovinizmi sonlandıra, heç olmasa onların təsirini azalda bilər.
Bu isə Azərbaycanın regional maraqları ilə üst-üstə düşür. Nəyə görə? Çünki Azərbaycan müstəqilliyini qurduğu 1918-ci ildən və onu bərpa etdiyi 1991-ci ildən bu günə qədər sivil bir dövlət modeli qurmağa çalışır. Bu sivil dövlət modeli bütün tərəflərlə əməkdaşlığa fokuslanır - dinindən, irqindən, milliyyətindən, coğrafi mövqeyindən asılı olmayaraq hər kəslə əməkdaşlıq etmək, qarşılıqlı maraq yaratmaq, sivil münasibətlər qurmaq istəyir.
Ermənilər də buna daxildir. Yəni Azərbaycan dövlətinin erməniləri qırmaq, məhv etmək və ya onların dövlətçiliyinə son qoymaq kimi bir məqsədi yoxdur. Sadəcə regionda sülhü, bərabərliyi, sosial rifahı təmin edən qarşılıqlı əməkdaşlıq mövqeyini formalaşdırmağa çalışır. Ermənistan cəmiyyətinin həmin o zərərli vərdişlərdən uzaqlaşdırılması isə əslində Azərbaycanın regionda qurmaq istədiyi yeni reallığa tam mənada töhfə verə biləcək bir potensialdır.
Çünki hər kəs üçün bəlli olan bir həqiqət var: əgər biz Cənubi Qafqazda yeni bir reallıq qurmaq istəyiriksə və bu yeni reallıqda Rusiyanın, Qərbin, Şərqin hər hansı bir dövlətin təsirindən azad, tam suveren bir vəziyyət yaratmaq niyyətindəyiksə, bu prosesə rəhbərlik edə biləcək yeganə potensial ölkə Azərbaycandır.
Bax, ermənilərin o şovinist ideyalarının aradan qaldırılması, onlarda da axır ki, sivil düşüncənin formalaşması Azərbaycanın bu üstünlüyünü qəbul etmələrilə nəticələnə bilər. Zamanla bu, Azərbaycanın regionda əsas söz sahibi dövlətə çevrilməsi və yeni reallığın tam mənada qurulmasını şərtləndirə bilər.
 Paşinyanın bu vəsilə ilə Qərblə əlaqələrinin Azərbaycan maraqlarına uyğun olub-olmaması məsələsinə - bu, tamamilə Qərblə münasibətlərin hansı kontekstə sürüklənəcəyindən asılıdır.
Əgər Paşinyan hakimiyyəti erməniləri Rusiyanın onlara yeritdiyi zərərli şovinist ideyalardan uzaqlaşdırır və sivil cəmiyyət quruculuğu istiqamətində bunu bir fürsətə çevirmək istəyirsə, bu, müsbət haldır. Amma əgər Paşinyan iqtidarının məqsədi ölkəsini Rusiyanın caynağından alıb Qərbin caynağına atmaqdırsa, bu halda ermənilərin Qərblə yaxınlaşması Azərbaycan maraqları ilə üst-üstə düşməyəcək və bu dəfə yeni havadarların simasında qarşıdurmalar yaranacaq.
Yox əgər Paşinyan həqiqətən də Qərblə əlaqələri sadəcə Rusiyanın təsirindən qurtulmaq üçün qurursa və məqsədi Qərbin simasında anti-Azərbaycan siyasəti üçün yeni hamilər tapmaq deyilsə, o zaman Azərbaycan da Ermənistan-Qərb münasibətlərindən zərər görməyəcək. Çünki bu halda buna zəmin olmayacaq.
Ona görə də hər şey qalıb Paşinyan iqtidarının növbəti addımlarına. Əgər o, kilsəyə qarşı mövqeyini qoruyarsa, hakimiyyətini saxlayarsa və köhnə təfəkkürü məğlub edib onu siyasi və iqtisadi həyatdan tamamilə uzaqlaşdırarsa, o zaman Ermənistan üçün yeni mərhələ başlaya bilər.
Paşinyan iqtidarı Qərblə münasibətlərini gələcək üçün, sülh üçün, reallıq və hüquq üçün qurmalıdır. Azərbaycanın tarixi haqlarını tanımalıdır, əksinə Qərbin simasında yeni bir himayədar taparaq həmin siyasəti davam etdirməməlidir.
Qarşıdakı bir neçə il ərzində Paşinyan iqtidarının niyyətləri bizə tam bəlli olacaq. Məhz o gün gəldikdə biləcəyik: Ermənistan-Qərb münasibətləri Azərbaycana qarşı bir müttəfiqlik anlaşmasıdırmı, yoxsa Paşinyanın ölkəsini Rusiyadan xilas etmək üçün bir çarə qapısıdırmı?" 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31