Rusiyanın geniş coğrafiyada müharibə aparması real deyil- Turan Rzayev- ÖZƏL

Son zamanlar Litva, Polşa, Fransa, Almaniya, Estoniya, Moldova, hətta Qazaxıstan və Gürcüstanda Rusiya ilə mümkün müharibə ehtimalı müzakirə olunur. Bəzi ölkələr artıq ehtimal olunan təhlükəyə qarşı hazırlıqlara da başlayıb. Bu, bölgədə yeni bir gərginlik dalğasının başladığını göstərir.

Maraqlıdır, Rusiya ilə müharibə ehtimalının bu qədər geniş coğrafiyada gündəmə gəlməsi nə ilə bağlıdır?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
"Risk faktorları var. Bəli, bu doğrudur. Amma bu sadəcə bir riskdir. Yəni, reallıq payının mən o qədər də çox olduğunu düşünmürəm. Ona görə ki, Litva, Polşa, Fransa, Almaniya, Estoniya kimi ölkələr faktik olaraq Avropa İttifaqı üzvüdürlər və hətta bəziləri NATO üzvüdür.  Bu ölkələrin xüsusilə də Almaniya və Fransanın Rusiya ilə müharibə aparması inandırıcı deyil. Baltikyanı ölkələri ilə bağlı bu tez-tez səslənən fikirlərdir. Amma problem ondadır ki, Baltik ölkələri də eyni qayda Avropa İttifaqının üzvləridir. Hətta NATO faktoru var. Yəni, bütün bunları nəzərə alsaq da deyə bilərik ki, Rusiyanın bu ərazilərə müdaxilə etməsi, bu ölkələrlə müharibə aparması heç inandırıcı deyil və mümkün deyil.
Çünki, Ukrayna Avropa dəstəyi alır, amma NATO üzvü deyil. Və buna rəğmən 3 ilə yaxındır ki, Rusiyayla müharibə aparır. Yəni, bir də bununla bağlı NATO ilə müharibə aparmaq ssenarisini biz düşündükdə, hə, Rusiya üçün fəlakət bir müharibə olar və bütün resurslarını tükədər.
Rusiyanın bu məsələləri çox belə fərqli gördüyünü düşünürəm və bu, Avropada əslində bir rusfobiyanı yaratmağa hesablanmış addımdır. Bunun reallığını düşünmürəm. Yəni, heç bir ölkənin belə bir gücü yoxdur. Heç Amerika özü belə təkbaşına bu qədər ölkə ilə müharibə apara bilməz və yaxud da ki, belə bir böyük miqyasda müharibəyə göz ala bilməz. Moldova, Qazaxıstan, Gürcüstana gəldikdə isə, bu ölkələr daha belə bir riskli ölkələr sırasındadır. Çünki keçmiş Sovet ölkələridir və bunların Avropa ilə bağları daha kövrəkdir. İçində bəlkə də ən potensial Rusiya hələfi olacaq ölkə Qazaxıstandır. Amma bu o demək deyil ki, Rusiya Qazaxıstana hücum edəcək.
Qazaxıstanda kifayət qədər, xüsusilə Qazaxıstanın şimal vilayətlərində ruslar yaşayır. Ola bilər ki, Ukraynada olduğu kimi ayaqlandırıb daxildən bir müharibə ehtimalları yarada bilərlər. Amma Qazaxıstanla Rusiya risk etməz, çünki Qazaxıstanı itirmək Çinlə yaxınlaşmaq deməkdir və Çin bundan çox uğurla istifadə edər.
Ondan sonra Mərkəzi Asiya ölkələrini Rusiyadan qoparmağa çağıran bir Çin faktoru var ki, bu çox dilə gətirilmir. Bu baxımdan da mən bunun olacağını düşünmürəm.
Gürcüstanla son zamanlar münasibətlər normallaşır və daha balanslı bir Gürcüstan görürük. Hələ ki, Gürcüstanla da bir problem elementi yoxdur. Yəni, mən Rusiyanın Ukraynada müharibəsini bitirib dərhal Gürcüstana hücum edəcəyini düşünmürəm.
Bu, Çar Rusiyasının süqutundan sonra parçalanmış Rusiyanın imperiyanın təzə əsəri tərəfindən bərpa edilməsi məsələsinə bənzəyir. Amma nə dövlətin şərtləri o cürdür, nə də reallıqlar o cürdür. Yəni, 21-ci əsrin şərtlərində sanki kompüter oyunu oynayırmış kimi və yaxud da bir simulyasiyadaymış kimi tək-tək dövlətləri almaq kimi bir qayda yoxdur. Nəzərə almaq lazımdır ki, həmin Rusiyadan bəhs edirik ki, 90-cı illərdə Çeçenistanda məğlubiyyətə uğradı. Yəni, hiylə ilə qalib gəldi sonradan. Ukraynada da faktiki olaraq biz Rusiyanın qələbə qazandığını deyə bilməliyik ki, nəticə etibarilə atəşkəs olacaq, sülh olacaq. Amma bu yenə də məğlubiyyətə bərabər qələbədir. Rusiyanın prestiji ciddi şəkildə sarsılıb. Rusiyanın Ukraynadan belə müharibədə, hər nə qədər qərbin dəstək olmasına baxmayaraq, bacara bilməməsi hesab edirəm ki, Rusiya üçün ciddi mənfi hal oldu.
Ona görə də, mən bu ssenarini ehtimallar xaricində görürəm və  Rusiyanın qeyd olunan ölkələrlə müharibə aparması, onları işğal etməsi real deyil". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31