Qərbi Azərbaycan gündəmi: “Artıq passionar güc bizik, Ermənistan prosesə mane ola bilməyəcək”- ÖZƏL
11:00 Siyasət"Azərbaycan xalqının 1828-ci il Türkmənçay sülhündən sonra başlanmış tarixi faciələrindən biri də Qərbi Azərbaycan torpaqlarını itirməsidir". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. O, bildirib ki, Qafqazı işğal edib isti dənizlərə çıxmaq istəyən Rusiya imperiyasının düşünülmüş siyasəti Azərbaycan xalqının faciələrinə yol açıb: "Azərbaycanı parçalayan sülh müqaviləsindən az sonra qədim türk yurdu İrəvanda qondarma "erməni vilayəti" yaradıldı. Dağlıq Qarabağda ermənilərə muxtariyyat təsis edildi. Qəribədir ki, Moskva eyni hüququ Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza verməkdən imtina etdi. Qərbi Azərbaycan torpaqlarında "Ermənistan" yaradıldıqdan sonra faciələrimizin sayı artdı. Türkiyə ilə Azərbaycan arasında bufer dövlət rolunu oynayan Ermənistan ona ayrılan missiyanı canla-başla yerinə yetirdi. "Böyük Ermənistan" ideyası ilə zəhərlənmiş erməni toplumu, erməni diasporu, "Ermənistan" dövləti hamilərinin dəstəyi ilə azərbaycanlılara qənim kəsildi. "Ermənistan" adlandırılan Qərbi Azərbaycan torpaqlarında 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə siyasəti həyata keçirildi. Azərbaycanlılar öz torpaqlarından qovuldu. Minillər ərzində azərbaycanlıların yaratdığı maddi mədəniyyət nümunələri məhv edildi. Azərbaycan xalqına aid kilsələr, məscidlər, tarixi hamamlar, divanxanalar dağıdıldı, yer adlarımız dəyişdirildi. Bu azmış kimi düşmən Qarabağ torpaqlarına göz dikdi. Eyni siyasət Qarabağda da aparıldı. Lakin xain qonşularımızın imperiyanın və qərbdəki hamilərinin dəstəyi ilə həyata keçirdiyi bu siyasətin sonu olmalı idi. 90-cı illərin əvvəllərində obyektiv və subyektiv səbəblərdən zəif düşmüş Azərbaycan 30 il sonra dikəldi, özünə gəldi, gücləndi və işğal altındakı torpaqları düşmən tapdağından azad etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu tarix yazdı. Cəsur həmlələri ilə düşməni sarsıdan Azərbaycan ordusu Ermənistanı kapitulyasiyaya vadar etdi. 10 noyabr Üçtərəfli Bəyanatda düşmən üzərində öhdəliklər götürdü. O öhdəliklərdən biri də Naxçıvana quru yolunun açılması üçün dəhliz verilməsi, o cümlədən qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının təmin olunması idi. Çox təəssüf ki, noyabr günlərində az qala yalvararaq sülh istəyən və şərtlərə razı olan Ermənistan rəhbərliyi sonradan bu imzasına hörmət qoymadı. Bu gün Qərbi Azərbaycana qayıdış ləngiyir, lakin bu prosesi durdurmaq mümkün olmayacaq".
E.Cəfərli deyib ki, tarixi prosesləri ləngitmək olar, lakin qarşısını almaq olmaz: "Bu gün passionar güc bizik. Nə ermənilər, nə onların himayədarları artıq bölgənin öz gücünə çevrilmiş Azərbaycanın maraqlarına zidd siyasəti davam etdirə bilməyəcəklər. Prezident İlham Əliyev "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində dediyi kimi qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.
Bu gün Azərbaycan ermənilərin dağıtdığı azad Qarabağı yenidən tikir-qurur, bölgəyə Böyük Qayıdış davam edir. Eyni proses Qərbi Zəngəzuru da gözləyir. Biz o torpaqlara dönəcəyik. Naxçıvanla quru əlaqələrimiz bərpa olunacaq, Qarabağda davam edən nəhəng quruculuq layihələri Qərbi Azərbaycan torpaqlarında da başlanacaq".
QHT sədri bildirib ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına dönməsi Ermənistana qarşı ərazi iddiası sayıla bilməz: "Biz Ermənistana qarşı ərazi iddiası irəli sürmürük. Biz öz ata-baba yurdlarımıza dönməz istəyirik. Bu gün Ermənistan soydaşlarımızın öz yurdlarına qayıdış istəklərini yanlış olaraq təqdim edir. Lakin apardığımız məqsədyönlü işlər dünyanı haqlı olduğumuza inandıracaq".