Bəhruz Quliyev:"Bu regional liderlik üçün yeni bir pəncərədir" – ÖZƏL
15 May 15:54 Siyasət"Müasir dünyada geosiyasi və geoiqtisadi proseslər sürətlə dəyişir. Məhz bu baxımdan biz də bu proseslərə aktiv qoşulmuşuq. Enerji təhlükəsizliyi, qlobal ticarət yollarının şaxələndirilməsi və logistika imkanlarının artırılması dövlətimizin milli maraqları sırasına daxil olub. Bu mənada, İranın Yol və Şəhərsalma Nazirinin müşaviri Əmin Tərəffonun TRACECA çərçivəsində İran-Gürcüstan-Azərbaycan tranzit dəhlizinin yaradılması təşəbbüsü olduqca diqqətçəkən və strateji baxımdan əhəmiyyətli bir təklifdir.
Əvvəla qeyd edək ki, bu dəhliz təşəbbüsü təkcə nəqliyyat deyil, regional əməkdaşlıq müstəvisində də yeni səhifə aça bilər. İran, Azərbaycan və Gürcüstan kimi coğrafi baxımdan Qərblə Şərqi birləşdirən ölkələrin bu cür inteqrativ layihədə bir araya gəlməsi, regionda sabitliyin və qarşılıqlı iqtisadi asılılığın artmasına da töhfə verə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert əlavə edib ki, Azərbaycan üçün bu təşəbbüsün bir neçə mühüm üstünlüyü var:
"İlk növbədə Zəngəzur dəhlizi, Orta Dəhliz və Şimal-Cənub dəhlizində iştirak edən Azərbaycan, bu yeni marşrutla yanaşı, artıq Qafqazın nəqliyyat ürəyinə çevrilir. Belə bir dəhliz, Azərbaycanın regionda tranzit mərkəzi statusunu daha da gücləndirə və ölkəmizin beynəlxalq nəqliyyat xəritəsində rolunu möhkəmləndirə bilər. Digər tərəfdən, yeni dəhliz marşrutları həm yükdaşıma axınını artıracaq, həm də Azərbaycanda logistika, gömrük və infrastruktur sahələrində əlavə gəlirlər formalaşdıracaq. Bu isə həm dövlət büdcəsinə, həm də özəl sektora ciddi iqtisadi dinamika qazandıracaq. Eyni zamanda, regionda İran və Gürcüstanla bu cür layihələr çərçivəsində əməkdaşlıq, siyasi münasibətlərin sabit və konstruktiv əsasda davam etməsinə xidmət edə bilər. Hesab edirəm ki, bu da regionda inteqrasiya proseslərini stimullaşdırar. Təbii ki, bu layihənin reallaşması üçün siyasi iradə ilə yanaşı, praktiki mərhələdə koordinasiya və infrastruktura yönəlik ciddi addımlar atılmalıdır. Amma İranın bu təklifi real maraqlar zəmnində dəyərləndirilərsə, bu təşəbbüs yalnız iqtisadi deyil, strateji baxımdan da regiona uzunmüddətli dividentlər gətirə bilər".
B. Quliyev qeyd edib ki, Cənubi Qafqazda bu cür formatlarda əməkdaşlıqlar yeni dividentlər gətirə bilər. Azərbaycan üçün isə bu, sadəcə bir dəhliz deyil - bu, yeni bir fürsətdir. İqtisadi güc, geosiyasi önəm və regional liderlik üçün yeni bir pəncərədir.
Səidə Ramazanova