Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanunda dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Olaylar.az xəbər verir ki, sənədə əsasən, sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır.

Yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.

Sosial-mədəni xidmətlər - şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönəlmişdir.

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31