“Hindistanla Pakistan arasındakı gərginlik Üçüncü Dünya Müharibəsi riski yaradır” – Əli Mustafa – ÖZƏL
2 May 2025 13:21 Siyasət"Hindistanın su resurslarından istifadə ilə bağlı təzyiqləri artırması, əslində, adekvat olmayan bir davranış nümunəsidir. Ortada bir terror hadisəsi var və bu terrorun konkret icraçıları mövcuddur. Pakistan tərəfi isə rəsmi olaraq bu terrorda iştirak etmədiyini bəyan edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, Hindistanın sərt reaksiyası bölgədə nüvə müharibəsi riskini artırır:
"Pakistan hadisənin beynəlxalq səviyyədə araşdırılmasına açıq olduğunu bildirir və bu, normal bir yanaşmadır. Belə bir şəraitdə Hindistanın reaksiyası daha dəqiq və konstruktiv olmalı idi. O, terror aktının təşkilatçı və icraçılarının cəzalandırılmasını tələb etməliydi, amma bunun əvəzinə Pakistana qarşı hərbi ritorika ilə çıxış edir. Belə anlaşılır ki, Hindistan uzun müddətdir bu qarşıdurmaya hazırlaşır və indi sadəcə uyğun bəhanə əldə edib. Bu səbəbdən hesab edirəm ki, bölgədə müharibə riski kifayət qədər yüksəkdir. Düzdür, hər iki ölkə nüvə silahına malikdir və belə ölkələr arasında müharibə asan olmur, çünki bu, çox ciddi risklər yaradır".
Siyasi şərhçinin sözlərinə görə, Hindistanla Pakistan arasındakı gərginlik qlobal güclərin də cəlb oluna biləcəyi Üçüncü Dünya Müharibəsi riskini artırır.
"Hazırkı qarşıdurma isə kifayət qədər sərt xarakter daşıyır. Unutmamalıyıq ki, bu Hindistanla Pakistanın ilk qarşıdurması deyil. Bütün hallarda, həm Çin, həm də ABŞ-nin proseslərə müdaxilə ehtimalı yüksəkdir. Hər halda, beynəlxalq ictimaiyyətin səyləri bu gərginliyin qarşısını almağa yönəlməlidir. Lakin bu qarşıdurma nəticəsində müharibə ehtimalı hələ də mövcuddur və bu, təkcə region üçün deyil, bütün dünya üçün ciddi problemlər yarada bilər. Hətta bəzən "Üçüncü Dünya Müharibəsi" ehtimalından danışılır. Çünki həm Hindistanın, həm də Pakistanın arxasında müəyyən güclər, yəni bloklar durur. Məhz bu səbəbdən bu qarşıdurmadan qlobal müharibənin baş vermə riski də az deyil".
Səidə Ramazanova