Azərbaycan və İran beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir- ÖZƏL

"İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki qonşu dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Tarixi köklərə, ortaq mədəni dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-İran əlaqələri bu səfər çərçivəsində gələcək üçün çoxşaxəli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə daha da möhkəmlənib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşlər və imzalanan sənədlər, eləcə də mətbuata verilən bəyanatlar tərəflərin siyasi iradəsini bir daha nümayiş etdirir. Ölkələrarası münasibətlər ortaq mədəniyyət və ənənə birliyinə söykənir, tarixi əlaqələr müasir dövrdə əməkdaşlığın möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir.

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə aparılması münasibətlərin uzunmüddətli və sabit inkişafını təmin edən əsas sütunlardan biridir. Azərbaycan və İran beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinin mövqelərini dəstəkləyir.

Səfər çərçivəsində əsas müzakirə mövzularından biri də nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi idi. Xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı kontekstində İran və Azərbaycanın əlaqələndirilmiş fəaliyyəti regionun tranzit potensialının tam reallaşdırılmasına şərait yaradır. Ölkəmizin ərazisində bu dəhliz üzrə müasir nəqliyyat infrastrukturu yaradılıb və yük həcmi ilbəil artır. Hazırda İran ərazisində infrastrukturun genişləndirilməsi ilə bağlı aparılan işlər birgə logistik imkanların daha səmərəli istifadəsinə şərait yaradacaq. Dövlətimizin başçısı vurğulayıb ki, istər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31