Netanyahunun səfəri qlobal məsələlərin açarıdır- Elşad Həsənov- ÖZƏL

"İsrailin baş naziri Benyamin Netanyahu-nun 7-11 may tarixlərində Azərbaycana səfəri haqqında məlumatlar artıq təsdiqlənib. Onun Azərbaycan Prezidenti ilə görüşməsi, yəhudi icması ilə bir araya gəlməsi məsələləri gündəmdədir. Hesab edirəm ki, Azərbaycanın son zamanlar dünya siyasi arenasında özünəməxsus yer tutması, Cənubi Qafqazın lider ölkəsinə çevrilməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısı olması Azərbaycanın beynəlxalq aləmdəki rolunu daha da artırır".
Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib. Siyasi şərhçi Netanyahunun səfərinin qlobal məsələlərin açarı olduğunu bildirib:
"Bizim İsraillə strateji əməkdaşlığımız var. Xatırladaq ki, 44 günlük müharibə zamanı da İsrail bizim yanımızda oldu, bizə dəstək verdi. Sonrakı dövrdə də məhz Azərbaycanın təşəbbüsü və vasitəçiliyi ilə İsrail-Türkiyə münasibətləri normallaşdı. Ancaq sonradan İsrail-Həmas müharibəsi başlayandan sonra Türkiyə ilə İsrail arasında münasibətlər yenidən pisləşdi.
Son zamanlar Suriyadakı gərginlik fonunda Azərbaycanın dəstəyi ilə İsrail-Türkiyə münasibətlərində yeni bir mərhələ başlayıb. Bu mənada Azərbaycanın rolu böyükdür. Məhz Azərbaycanın dəstəyi və xahişi ilə Türkiyə, Netanyahu-nun təyyarəsi üçün öz hava məkanını açmalı oldu. Xatırladaq ki, uzun müddət Türkiyə İsrail təyyarələri üçün hava məkanını bağlamışdı və buna görə də İsrail təyyarələri böyük məsafələr qət edərək Azərbaycana əlaqə saxlayırdı.
Ancaq Azərbaycanın xahişi ilə Netanyahu-nun qarşıdakı səfəri zamanı Türkiyə öz hava məkanını açdı. Və onu da unutmayaq ki, Netanyahu-nun səfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Yəni mətbuata verilməyən müəyyən məlumatlar da var. Hesab edirəm ki, məhz Bakıda Netanyahu ilə Prezident İlham Əliyev arasında keçiriləcək görüşlər zamanı İsrail-Türkiyə münasibətləri, İsrail-Suriya münasibətləri haqqında da ciddi müzakirələr olacaq. Azərbaycanın bu məsələlərdə öz mövqeyini ifadə edəcəyi və İsrail-Türkiyə münasibətlərinin yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürəcəyi gözlənilir.
Hesab edirəm ki, bu günlərdə İran Prezidentinin Azərbaycana səfəri zamanı aparılan danışıqlar da Netanyahu və İlham Əliyev arasında keçiriləcək görüşlərdə müzakirə olunacaq. İrana qarşı İsrail və ABŞ-ın birgə hazırladığı raket zərbələrinin qarşısının alınması üçün də Azərbaycan müəyyən mənada öz rolunu oynayacaq.
Yəni Netanyahunun beş gün davam edəcək səfəri sadəcə bir səfər deyil - burada çox böyük qlobal məsələlərin müzakirəsi və həllinə dair addımlar atılacaq. Ona görə də bu səfərin İsrail-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı olacağını düşünürəm.
Artıq dünyanın geosiyasi vəziyyəti daha da gərginləşib. Dünyanın dörd bir yanında müharibələr gedir. Hindistan-Pakistan arasında qarşıdurma baş verib və hər an müharibə təhlükəsi gözlənilir. Eyni zamanda, Yaxın Şərqdə müharibə davam edir. İsrail HƏMAS-ı və Hizbullahı müəyyən məntəqələrdən çıxarsa da, bu gün husi qruplaşmaları ilə müharibə aparır.
Bununla yanaşı, Suriyada da müəyyən hərbi əməliyyatlar həyata keçirir, Suriya ərazilərini vaxtaşırı bombalayır, bəzi bölgələri ələ keçirib və nəzarətdə saxlayır. Ancaq Türkiyə ilə aparılan danışıqlardan sonra hesab edirəm ki, bu məsələlərdə də İsrail-Türkiyə yaxınlaşması baş verəcək. Bir daha bildirmək istəyirəm ki, bu proseslərdə Azərbaycanın rolu çox böyükdür. Hesab edirəm ki, Netanyahu-nun Azərbaycana bu səfəri çox önəmlidir, geosiyasi baxımdan əhəmiyyətli bir mərhələ olacaq və Azərbaycan-İsrail münasibətlərində yeni bir tarixi mərhələyə qədəm qoyulacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31