Azərbaycan Latın Amerikasında yeni səhifə açır- ÖZƏL

Azərbaycanın xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyovun Meksikaya səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi və diplomatik əlaqələrin inkişafı ilə bağlı yüksək səviyyəli görüşlər keçirilib. Tərəflər Cənubi Qafqazda sülh prosesi, Azərbaycanın regional rolu və beynəlxalq hüquq barədə müzakirələr aparıblar. Meksika Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyib.

Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, Meksika səfəri mühüm təmasların başlanğıcıdır:

"Qeyd etmək lazımdır ki, cənab Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyovun Meksika səfəri indiki məqamda diqqət çəkir. Təbii olaraq Meksika, Latın Amerikası coğrafiyası Azərbaycan ictimaiyyətində və ümumiyyətlə Azərbaycana yad bir coğrafiya kimi görünsə də, əslində, Sovetlər dönəmindən bu regionla təmaslarımız olub və Azərbaycanın da bu təmaslarda  mühüm bir yerə sahib olduğu görünür.
Paralel olaraq, Latın Amerikasında ötən əsrdə sosialist hərəkatların güclənməsi zamanı Azərbaycanın ideoloqları ilə də təmaslar olub, qarşılıqlı mədəni mübadilələr baş tutub. Yəni bağlar düşündüyümüz qədər yox səviyyəsində deyil. Təbii ki, Meksika səfərinə Azərbaycanın geosiyasi və ya regional maraqları kontekstində deyil, daha çox iqtisadi sferadakı addımları və regionla gələcək əməkdaşlıq perspektivləri baxımından fokuslanmaq lazımdır.
Hesab edirəm ki, Latın Amerikası ölkələrinin kifayət qədər potensialı var. Bu ölkələrlə,  beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Hətta düşünürəm ki, ən yaxşı əməkdaşlıq etdiyimiz ölkələrdən biri də, məsələn, Venezueladır. Məsələn, Venezuela kimi Meksika ilə də bu əməkdaşlıqlar mümkündür. Bu baxımdan hesab edirəm ki, gələcəkdə münasibətlərin normallaşması baxımından mühüm təmaslar qurulur. Meksikanın Amerikaya yaxınlığını nəzərə aldıqda, regionun daha yaxşı tanınması, mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından ciddi perspektivlər var və Azərbaycan da bundan yaxından maraqlanır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31