İsrail Baş nazirinin Bakıya səfəri: Strateji tərəfdaşlıq və regional mesajlar – ÖZƏL
14:39 Siyasət"İsrail Baş nazirinin Azərbaycana səfərinin beynəlxalq diplomatik səfərlər arasında nadir hallarda baş verməsi, eyni zamanda, Azərbaycan-İsrail münasibətlərinin digər ölkələrlə olan münasibətlərdən fərqləndiyini göstərir. Bildiyiniz kimi, İsrail-Azərbaycan əlaqələri dostluq səviyyəsindədir. Xüsusilə 44 günlük Vətən müharibəsində İsrailin Azərbaycana hərbi sursat və digər sahələrdə ciddi dəstək göstərməsi Azərbaycan üçün olduqca önəmlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib:
"Azərbaycanda iki yəhudi icması yaşayır və bu icmaların üzvləri haqlı olaraq Azərbaycanı öz vətənləri hesab edirlər. İsrail Baş nazirinin bu il yəhudi bayramını Bakıda, Azərbaycan yəhudiləri ilə birlikdə qeyd etməsi Azərbaycanla İsrail arasında dostluq münasibətlərinin və dövlətlərarası əlaqələrin necə strateji xarakter daşıdığının bariz nümunəsidir. Bu səfərin, şübhəsiz ki, həm yaxın, həm də uzaq regionlara mühüm mesajları var. Xüsusilə də qlobal münaqişə risklərinin artdığı indiki şəraitdə bu səfər Azərbaycanın təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanla İsrail arasında baş tutan bu səfər, Yaxın Şərqdə münasibətlərin yumşaldılması və iki ölkənin strateji maraqlarının möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
"Həmçinin, yaxın Şərqdə və Qardaş Türkiyə Cümhuriyyəti ilə İsrail arasındakı münasibətlərin yumşaldılması baxımından da bu səfər mühüm əhəmiyyətə malikdir. Regionda yaşanan digər münaqişələr fonunda bu səfərin Azərbaycan üçün siyasi və strateji əhəmiyyəti böyükdür. Düşünürəm ki, bu səfər İsrail tərəfi üçün də olduqca önəmlidir. İsrailin təsir dairəsində olan Yaxın Şərq bölgəsində və ümumilikdə dünyada Azərbaycan qədər yaxın dost və müttəfiq ölkələrin sayı barmaqla sayılacaq qədərdir. Bu səfər, hesab edirəm ki, hər iki ölkənin milli və strateji maraqlarına uyğun, yadda qalan qərarların qəbul olunması ilə tarixə keçəcək bir hadisə olacaqdır".
Səidə Ramazanova