Azərbaycan–Aİ münasibətlərində yeni mərhələ - ÖZƏL
10:55 Siyasət"Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr həmişə yaxşı kontekstdə olub. Ən azından, ölkəmizin Avropa İttifaqına yanaşması səmimi meyarlara fokuslanıbdır və Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə əməkdaşlıq edir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. O bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir əlaqələr sistemi inkişaf edəcək:
"Yaxın keçmişdə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin Bakıya səfərində Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol haqqında öz fikirlərini bölüşərkən qeyd etmişdik ki, bu gün Azərbaycan Avropa İttifaqının ən önəmli enerji tərəfdaşlarından biridir. Lakin bəzən Azərbaycanın bütün müsbət roluna rəğmən, ölkəmizə qarşı müəyyən bəlli dairələr qara yaxma kampaniyaları aparıblar və Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər göstərməyə cəhdlər ediblər. Əlbəttə ki, bu da istər-istəməz Azərbaycanla Avropa İttifaqı və özəlliklə Qərbi Avropa ölkələri arasında narahatlığa səbəb olmuşdur. Lakin artıq son dövrlərdə Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə yeni bir xət, yeni bir məcra ortaya çıxıbdır və düşünürəm ki, münasibətləri bundan sonra da ən yüksək səviyyəyə qaldırmaq olar.
Bunun üçün çox ciddi imkanlarımız mövcuddur. Həm Azərbaycanın, həm Avropa İttifaqının çox yaxşı əlaqə perspektivləri var və Kaya Kallas da bununla bağlı Azərbaycanın mövqeyini, Azərbaycanın siyasi çəkisini və coğrafiyadakı əsas güc faktoru olmağını Bakı səfəri fonunda etiraf etmişdir. Bu baxımdan, Azərbaycan-Avropa İttifaqı münasibətlərində artıq yeni bir əlaqələr sisteminin yavaş-yavaş inkişaf etdiyini müşahidə edəcəyik".