Hindistan və Pakistan arasında müharibə: Qlobal iqtisadiyyata təsirləri– ÖZƏL

"Bugünkü münaqişə dinamikası Hindistan və Pakistan arasında genişmiqyaslı müharibə olacağına işarə etmir. Hər iki ölkə bir-birinə güc nümayişi məqsədilə lokal əməliyyatlar keçirə bilər, amma bu, genişmiqyaslı müharibəyə səbəb olmağa və eskalasiyaya yol açmağa meylli görünmür. Hər iki tərəf vasitəçilərin köməyi ilə münasibətləri normallaşdırıb, sabitlik və münaqişəsiz bir gələcək qurmağa çalışa bilər".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Hindistan və Pakistan arasındakı əlaqələr heç vaxt tam sabit olmayıb. Bu ölkələr yaradıldıqları gündən münaqişələr və krizlərlə qarşılaşıb. Hər zaman biri digərini düşmən kimi qəbul edir və hərbi hazırlıqlar davam edir. Lakin son zamanlar nə Hindistan, nə də Pakistan tərəfindən müharibə etmək üçün açıq bir cəhd görülməmişdir. Yaxın gələcəkdə belə bir addımın atılması qeyri-mümkündür, çünki qlobal rəqabət mühiti və yeni dünya düzəni formalaşır.

Bu iki dövlətin müharibə etməsi, həm də bu münaqişənin qlobal iqtisadiyyata təsiri çox güman ki, minimal olacaq. Məsələn, Rusiyanın Ukraynaya müdaxiləsi qlobal iqtisadiyyata ciddi təsirlər göstərdi: sanksiyalar, enerji bazarlarında dəyişikliklər və Rusiya ilə ticarətin azalması iqtisadiyyatda ciddi fəsadlara yol açdı. Lakin Hindistan-Pakistan münaqişəsinin eyni ölçüdə təsirə səbəb olacağını düşünmək qeyri-real görünür. Bu münaqişə yalnız bu iki dövlətin arasında qalacaq və beynəlxalq iqtisadiyyata böyük təsirlər yaratmayacaq.

Hindistan və Pakistan qlobal iqtisadiyyatda böyük rol oynamırlar. Hər iki ölkə əsas enerji ixracatçısı deyil, həmçinin dünya markaları və qlobal bazarları idarə edən ölkələr deyillər. Bu səbəbdən bu ölkələr arasında baş verəcək münaqişə, iqtisadiyyata ciddi təsir etməyəcək.

Bununla belə, bir halda bu münaqişə qlobal xarakter ala bilər: Əgər Çin Hindistanın Asiyanın cənubunda nüfuzunun artmasını önləmək məqsədilə Pakistanı dəstəkləsə, bu, münaqişəni qlobal bir qarşıdurmaya çevirə bilər. Bu halda ABŞ, öz təsirini itirməmək üçün Hindistanı dəstəkləyə bilər. Belə bir vəziyyətdə, artıq biz Asiya regionunda və ümumiyyətlə dünyada Çin ilə ABŞ arasında daha radikal hərəkətlərin başladığını görə bilərik.

Bu cür ssenari, global səviyyədə böyük bir qarşıdurmanın yaranmasına səbəb ola bilər, amma bu ehtimalın reallaşması indiki mərhələdə daha az görünür".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31