Pezeşkianın Azərbaycana səfəri qlobal tərəfdaşlıq meyillərini ortaya qoydu- ÖZƏL
13:52 Siyasət"Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri ölkənin xarici siyasət prioritetlərini, regional və qlobal tərəfdaşlıq meyillərini ortaya qoydu. Görüşdə hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Bu görüş iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirdi"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Azərbaycan və İran arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Görüş iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin vacibliyi barədə dedikləri Cənubi Qafqazda gedən prosesləri destruktivləşdirməyə çalışan bəzi dünya güclərinə açıq-aydın mesaj kimi qiymətləndirilməlidir. Bu gün həm İranın, həm də Azərbaycanın istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirləri üst-üstə düşür. Cənab Prezident İlham Əliyev bu məqamın, ümumiyyətlə, İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün önəmli amil olduğunu vurğulayıb".