Pezeşkianın Azərbaycan türkcəsində şeir söyləməsi İranın bəzi dairələrini hiddətləndirib
10:18 Siyasət"İran İslam Respublikasının prezidentinin Azərbaycana səfəri, ölkəmizdə ona qarşı isti münasibət gerçəkdən bəzi xarici qüvvələrin narahatlığına səbəb olub. Hətta Pezeşkianın Bakıda Azərbaycan türkcəsində şeir səsləndirməsi İranın bəzi dairələrini hiddətləndirib. Ermənistan və İran mediasında bu narahatlıq, Pezeşkianın səfərinə kölgə salmaq cəhdləri ortadadır". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Amma, bütün bunlar əbəsdir. Məsud Pezeşkian qartımış İran siyasətində işıqlı nöqtədir. Hiss olunur ki, bu şəxsin hədəfində o durur ki, ölkəsini mövcud bataqlıqdan çıxarsın, həm Azərbaycan Respublikası, həm də digər ölkələrlə münasibətləri normallaşdırsın. İrandakı mühafizəkar qanadın isə Peşeşkianın bu siyasətini ürəkdən dəstəkləyəcəyi şübhə doğurur. Amma İranın alternativi yoxdur. Artıq bu ölkənin Orta Şərqdə proksi qüvvələr saxlayıb regiona təhdidlər yaradacağı imkansızdır.
Çıxış yolu qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaq, iqtisadi əməkdaşlığı genişləndirmək, 10 milyondan artıq əhalisi olan ölkəmizi "rəsmi Bakı" kimi deyil, qüdrətli Azərbaycan Respublikası kimi qəbul etmək və ehtiramla yanaşmaqdır. Düşünürəm ki, Pezeşkian mövcud reallığı dəyərləndirərək düzgün istiqamət seçib. Azərbaycanla əməkdaşlığın dərinləşməsinə çalışır. Dünyanın arxitekturasının yenidən formalaşdığı məqamda İranın Türk dünyası ilə, xüsusilə, Azərbaycanla əlaqələrinin genişlənməsi düzgün seçim olar.
Bir vacib məqamı qeyd etmək istərdim. Məsud Pezeşkianın Bakıda Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissəsini Azərbaycan dilində səsləndirməsini Azərbaycanın İrandan ayrılması kimi yozurlar. Bu doğru yanaşma deyil. Şəhriyar bu şeir parçası ilə böyük bir millətin, Azərbaycan türklərinin iki yerə bölünməsindən, ayrılığından, acısından söhbət açıb. Məsud bəy həmin ayrılığı emosianal tərzdə dilə gətirdi".