Azərbaycan və Çin milli maraqlara dair məsələlərdə bir-birinə dəstək göstərir- ÖZƏL
15:36 Siyasət"Azərbaycan və Çin milli maraqlara dair məsələlərdə daim bir-birinə dəstək göstərib. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın "Vahid Çin" siyasətini dəstəklədiyini vurğuladı və Tayvanda keçirilən qeyri-qanuni seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu xatırlatdı. Bu qarşılıqlı dəstək əlaqələrin yalnız siyasi səviyyədə deyil, həm də beynəlxalq platformalarda da sıx əməkdaşlığa əsaslandığını göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyev Sədr Si Cinpinlə şəxsi münasibətlərindən də söz açaraq, Çin liderinin onu "Çinin yaxın dostu" adlandırmasını böyük qiymətləndirdiyini bildirdi. İki lider arasında formalaşmış dostluq münasibətləri ölkələr arasında etimadın və səmimi əməkdaşlığın əsasını təşkil edir.
İkitərəfli münasibətlərin tarixi kökləri qədimdir. Müsahibə zamanı Prezident İlham Əliyev mərhum Prezident Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin qurulmasındakı rolunu xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin hələ dövlət başçısı olarkən Çinə etdiyi səfər bu əlaqələrin təməlini qoymuş və bu gün də həmin xətt uğurla davam etdirilir. Ölkə rəhbəri İlham Əliyev qeyd etdi ki, Azərbaycan xarici siyasət prioritetlərində Çinlə münasibətləri hər zaman xüsusi yerə qoyub".