ICESCO Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa əsaslanan sülhsevər yanaşmasını alqışlayıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki 2025-ci il aprelin 29-da Qərbi Azərbaycan İcmasını ziyarət edib.

Baş direktorun İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərov, Müşahidə Şurasının sədri Misir Mərdanov və icmanın rəhbərliyində təmsil olunan digər şəxslərlə keçirdiyi görüşdə mədəni irsin qorunması, təhsil və elmi araşdırmalar vasitəsilə İslam irsi üzrə həqiqətlərin üzə çıxarılması və mədəniyyətlərarası dialoq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

İcma nümayəndələri azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qalması nəticəsində onların əsas hüquqlarının, o cümlədən, mədəni və təhsil hüquqlarının pozulması, oradakı Azərbaycan mədəni irsinin məhv edilməsi barədə ICESCO rəhbərinə məlumat verib, İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il Banjul zirvə görüşünün qərarlarına və ICESCO-nun mandatına uyğun olaraq təşkilatın bu məsələlər üzrə səylərinə ümid bəslədiklərini bildirib.

ICESCO rəhbərliyi Azərbaycandakı etnik və dini müxtəlifliyi, tolerant mühiti, Azərbaycanın mədəniyyətlərarası dialoqa və ICESCO-nun fəaliyyətinə verdiyi töhfələri təqdir edib, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa əsaslanan sülhsevər yanaşmasını alqışlayıb və İslam irsi üzrə həqiqətlərin üzə çıxarılmasının və mədəni irsin qorunmasının sülh və anlaşma üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə praktik əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31