Azərbaycan və D8 ölkələri öz aralarında sıx əlaqələr qurmağa qadirdirlər - Amin Məmmədov
12:26 SiyasətAzərbaycan və D8 ölkələri öz xalqları və cəmiyyətləri arasında sıx əlaqələr qurmağa qadirdirlər.
Trend xəbər verir ki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Qlobal Cənub QHT platformasının bu gün Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı deyib.
"Azərbaycan ilə D8 Qrupu ölkələri arasında yaxşı münasibətləri nəzərə alaraq inanıram ki, xalqlarımız və cəmiyyətlərimiz arasında möhkəm əlaqələr qura biləcəyik, bu isə xüsusi önəm daşıyır", - deyə o qeyd edib.
A.Məmmədov qeyd edib ki, Bakıda keçirilən Qlobal Cənub QHT təsis konfransı vətəndaş cəmiyyətlərinin bir araya gətirilməsi və bu istiqamətdə müştərək fəaliyyətin aktivləşdirilməsi üçün əlavə imkana çevrilib.
"Əminəm ki, bu forumdan sonra yenidən bir araya gəlmək və genişmiqyaslı ideyaları müzakirə edib iri layihələri reallaşdırmaq imkanımız olacaq", - deyə o əlavə edib.
O həmçinin xatırladıb ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan ciddi çağırışlarla, o cümlədən qonşu dövlətlə münaqişə ilə üzləşib. Onun sözlərinə görə, bu illər ərzində ölkənin inkişafı, əhalinin rifahının artırılması və ordunun gücləndirilməsi istiqamətində mühüm səylər göstərilib və bu da Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə imkan verib.