“Bir kəmər, bir yol” layihəsində Azərbaycan körpü rolunu oynayır- ÖZƏL

"Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Bu baxımdan "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Bütövlükdə, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir, eləcə də Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir "Bir kəmər, bir yol" strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Dövlətimizin başçısı müsahibədə vurğulayıb: "Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. "Bir kəmər, bir yol" layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31