Paşinyan Qərbin dəstəyini qazanmağa çalışır- ÖZƏL
10:48 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan rəsmi səfərlə Estoniyaya gedərək, Qərbin ona qarşı münasibətini yumşaltmağa çalışır. Olaylar.az xəbər verir ki, bu addım, onun 9 mayda Moskvada keçiriləcək Qələbə Paradında iştirakı öncəsi Qərbdən gələn təzyiqləri azaltmaq məqsədi daşıyır. Qərb açıq şəkildə Paşinyanın Moskva səfərinə qarşı olduğunu bildirmiş və Ermənistan-Rusiya münasibətlərinin istiləşməsini qəbul etmədiyini vurğulamışdır.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi, estoniyalı Kaya Kallas bir neçə həftə öncə bəyan etmişdi ki, Aİ-yə namizəd ölkələr Moskva paradında iştirak etməməlidirlər. Latviya xarici işlər naziri Bayba Braje isə bu qadağanı pozanlara qarşı sanksiyaların mümkün olacağına işarə etmişdi. Qeyd edək ki, Ermənistan hələ rəsmi namizəd ölkə olmasa da, Ermənistan Milli Məclisi Avropa İttifaqına üzvlük prosesinə başlamaqla bağlı qanun layihəsini qəbul edib.
Hakimiyyət dairələrində yayılan fikirlərə görə, Paşinyan Estoniyaya səfəri ilə Qərbə sadiqliyini nümayiş etdirmək və Rusiyaya gedəcəyini məcburi bir addım kimi təqdim etmək istəyir. Dünən Tallində o, kommunizm qurbanlarının xatirəsini də yad edib. 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə 22 min estoniyalı Krasnoyarsk, Novosibirsk, İrkutsk və Omsk vilayətlərinə sürgün olunub.