Qlobal Cənub QHT Platformasının Bakıda təsis olunmasının əhəmiyyəti– ÖZƏL

"Qlobal Cənub QHT platformasının Bakıda təsis olunması və hətta sədrliyin Azərbaycana verilməsi çox əlamətdar bir hadisədir. Bu kimi fəaliyyətlər təbii ki, ölkəmizin beynəlxalq siyasətdə həm rolunu artırır, həm də dünya ictimaiyyətində Azərbaycan haqqında xoş fikirlər formalaşdırır".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Qlobal Cənubun əsrlərdir müstəmləkəçilikdən, imperiya cinayətlərindən  əziyyət çəkməsi və bu gün Qlobal Cənubda həqiqətən ədalətli nizama ehtiyac duyan çox sayda dövlətin olması, həmin dövlətlərin bu ədalət axtarışını Bakıda tapmaq və bu istiqamətdə ciddi addımlar atmaq üçün beynəlxalq QHT formatında bir təşkilat formalaşdırması və buna Azərbaycanın ev sahibliyi etməsi əlbəttə ki, mötəbər bir addımdır və bu fəaliyyətlər davamlı olmalıdır.

Nə qədər davamlı olsa, Azərbaycan bir o qədər çox tanınacaq, sayılacaq, seçiləcək və yeni, daha ədalətli dünya nizamının formalaşmasında xidmət etmək kimi bir üstünlük qazanacaq.

Azərbaycan tərəfi bunu qurmaqla kifayətlənməməlidir. Həmin qurulan bu QHT platformasının dünya miqyasında sayılan-seçilən tədbirlərə imza atması və həqiqətən də bu platformaya üzv ölkələrdə dünya siyasətini maraqlandıran hadisələr və məqsədlər istiqamətində ciddi nəticələr əldə etməsi üçün işlər davam etdirilməlidir.

Hətta bu işlər o qədər ciddi şəkildə hazırlanmalı və planlaşdırılmalıdır ki, bu təkcə platformaya aid olan ölkələrin deyil, aid olmayan digər ölkələrin, hətta supergüc dövlətlərin, aparıcı dövlətlərin də siyasətlərinə təsir etməlidir.

Yalnız o halda Azərbaycan tərəfi artıq bu kimi fəaliyyətlərin əsas tərəflərindən biri olaraq dünya siyasətində öz sözünü deyən tərəflərdən birinə çevrilə bilər. Çünki hər nə qədər Azərbaycan ərazi baxımından, iqtisadiyyat baxımından, texnoloji inkişaf baxımından o supergüc, inkişaf etmiş dövlətlərdən geri qalsa da, hər kəsə bəllidir ki, yeni dünyanın reallıqları sadəcə güc faktoru üzərində qurulmayacaq.

İnformasiya müharibəsi, bilgi alış-verişi, beynəlxalq tərəfdaşlıqlar, ölkələrlə xoş və mütərəqqi bərabər hüquqlu münasibətlərin qurulması kimi addımlar - bax, bunlar hamısı ölkələri dünya siyasətində önə çıxaran faktorlar sırasına daxil olacaq. Bu gün atılan bu addım -Cənub Qlobal QHT platformasının formalaşdırılması, analoji tədbirlərin həyata keçirilməsi və bundan sonra da bənzəri planların reallaşdırılması - Azərbaycanı gələcəkdə bir nömrəli dövlətlərdən biri etməsə də, dünya siyasətində öz yeri və sözü olan tərəflərdən birinə çevirmək iqtidarındadır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31