“Pezeşkianın səfəri regional sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır” – Bəhruz Quliyev
17:50 Siyasət"İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri münasibətilərin inkişafı baxımından çox əlamətdardır. Məsud Pezeşkianın Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bütün sahələrdə strateji əlaqələrin qurulması və möhkəmləndirilməsi istiqamətində verdiyi bəyanat regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, Pezeşkianın ərazi bütövlüyünə qarşılıqlı hörmət, problemlərin dialoq yolu ilə həlli, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı dəstəyin artırılması kimi çağırışları regional sabitlik və əməkdaşlıq üçün ciddi bir platforma yaradır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib. Ekspert qeyd edib ki, bu yanaşma, Cənubi Qafqazda uzun illər davam edən gərginliklərin azaldılması, iqtisadi inteqrasiyanın gücləndirilməsi və yeni nəqliyyat-maliyyə kanallarının açılması baxımından mühüm imkanlar yarada bilər. Eyni zamanda, iki ölkə arasında istehsal və sənaye sahələrində birgə layihələrin reallaşdırılması perspektivi həm iqtisadi inkişafı sürətləndirə və regionda yeni əməkdaşlıq modellərinə zəmin yarada bilər:
"İran Prezidentinin vurğuladığı "araya başqalarının ixtilaf salmasına imkan verməməliyik" mesajı isə, regional aktorların xarici müdaxilələrdən uzaq, öz aralarında birbaşa və açıq dialoq yolu ilə problemləri həll etməyə yönəlik iradəsinin göstəricisidir. Bu mövqe, bölgədəki sabitliyin qorunmasına və yeni əməkdaşlıq formatının yaranmasına doğru atılan addımdır. Ümumiyyətlə, İran və Azərbaycan prezidentlərinin münasibətlərdə yeni bir səhifə açmaq niyyəti, təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət dəyişikliklərin əsasını qoya bilər.
Hesab edirəm ki, müasir dünyanın çağrıları yeni formatların yaranmasına zərurət yaradır. Məhz bu zərurətdən irəli gələn addımlara da ehtiyac var".
Səidə Ramazanova