Orban: Ukrayna Aİ-yə qəbul olunarsa, miqrantlar Macarıstanda iş tutacaqlar- ÖZƏL
16:47 SiyasətMacarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı rəhbərliyinin Ukraynanın birliyə qəbul olunması üçün göstərdiyi cəhdlər milyonlarla ukraynalı miqrantın Macarıstanda iş yerlərini tutmasına gətirib çıxaracaq. Olaylar.az xəbər verir ki, bu barədə o, Budapeştdə keçirilən gənclər üçün peşə festivalında çıxışı zamanı danışıb.
Orban Macarıstanda Ukraynanın Aİ-yə qəbul olunması məsələsinə dair keçirilən ümummilli referendumun böyük əhəmiyyət daşıdığını qeyd edib: "Bu qərar sizin qarşıdakı 20 ilinizi - həyatınızın ən fəal, ən məhsuldar və ən ümidverici onilliklərini müəyyən edəcək", - deyə o, macar gəncliyinə müraciət edib.
Baş nazir əlavə edib: "Əgər gələcəkdə Macarıstanın miqrantlardan azad olmasını istəyirsinizsə və milyonlarla ukraynalı işçinin sizin iş yerlərinizi tutmasını, maaşlarınızın azalmasını istəmirsinizsə, qərarı başqalarına buraxmayın". O, bütün vətəndaşları səsvermədə fəal iştirak etməyə çağırıb.
Orban həmçinin qeyd edib ki, hazırda dünya sürətli dəyişikliklər və təhdidlərlə qarşı-qarşıyadır: "Qonşuluqda real qanlı müharibə, dünyada gömrük müharibələri, sərhədlərimizdə miqrasiya təzyiqləri, əvvəllər varlı olan Qərb ölkələrində enerji yoxsulluğu, iqlim dəyişikliyi və Brüsseldə müharibəyə hazırlıq gedir". O vurğulayıb ki, Macarıstan hökuməti hər zaman öz xalqının maraqlarını müdafiə edəcək və Brüsseldəki lobbi qruplarının təsirinə boyun əyməyəcək.
Macarıstan hökuməti Ukraynanın Aİ-yə qəbul olunması ilə bağlı referendum təşəbbüsü ilə çıxış edib və ölkə boyu vətəndaşlarla görüşlər keçirərək öz mövqeyini izah edir. Rəsmi Budapeşt hesab edir ki, Ukraynanın Aİ-yə tələsik üzvlüyü Avropa iqtisadiyyatına ciddi zərər vuracaq və birliyi Rusiya ilə birbaşa qarşıdurmaya sürükləyə bilər.
Baş nazir artıq dəfələrlə vətəndaşları referendumda fəal iştirak etməyə çağırıb və bildirib ki, bu qərar Macarıstanın taleyini onilliklər üçün müəyyən edəcək. Poçtla göndərilən anketlər vasitəsilə keçirilən referendum may ayının sonuna qədər davam edəcək. Budapeşt əldə olunan nəticələri Brüssel ilə aparılacaq məsləhətləşmələrdə rəhbər tutacaq.