Aktivistlər deputatlara Paşinyanın istefası üçün çağırış ediblər – ÖZƏL

İctimai fəallar Edqar Kazaryan və Narek Malyan hər bir deputata məktub göndərərək Baş nazir Nikol Paşinyanın istefası prosesini başlatmağa çağırıblar. 

Olaylar.az xəbər verir ki, bu barədə Kazaryan parlament binası qarşısında jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, "Vətəndaş Müqaviləsi" partiyasından siyasi bir qurum kimi heç bir gözlənti yoxdur - müraciətin ünvanı birbaşa deputatlardır.
"Bizim çatdırmaq istədiyimiz məsələ hər hansı bir partiya və ya fraksiyanın yurisdiksiyasından kənardır. Burada yalnız hər bir deputatın müstəqil siyasi səlahiyyətlərindən söhbət gedir," - deyə Kazaryan vurğulayıb.

O əlavə edib ki, deputatın partiya mənsubiyyəti - istər hakimiyyət, istər müxalifət, istərsə də müstəqil statusda olsun - önəm daşımır. Hər bir deputat qərarı fərdi şəkildə verməlidir.

Kazaryanın sözlərinə görə, məktubda prosesə başlamaq üçün əsaslar göstərilib və Konstitusiyaya uyğun istinadlar verilib. Həmçinin parlamentin  Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı qətnamə layihəsi də əlavə olunub.

O qeyd edib ki, layihədə yalnız yeni baş nazir namizədinin adı göstərilməyib - bu qərarı təşəbbüsü irəli sürəcək deputat verməlidir.
Məktublar parlament binasındakı xüsusi poçt qutusuna atılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31