İran və Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər - İran Prezidenti
16:14 Siyasətİran və Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
"İran və Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər. Dəhlizlər çərçivəsində əlaqə yollarımızı bir-birinə birləşdirə, maliyyə əlaqələrində və ticarətdə müəyyən dəyişiliklər apara bilərik", - o bildirib.
Onun sözlərinə görə, bu da iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də, Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin - Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt - Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən, bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.