Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərindəki gələcək rolu– ÖZƏL
26 Aprel 15:26 Siyasət"Ümumiyyətlə qeyd etmək lazımdır ki, Kaya Kallasın səfəri əsasən müsbət notlarla yadda qaldı. Kaya Kallas mətbuat konfransında İttifaqın Azərbaycana verdiyi önəmdən bəhs etdi. Eyni zamanda, İttifaqın Azərbaycanın ən böyük iqtisadi tərəfdaşı olduğunu vurğuladı. Görünən odur ki, İttifaq Azərbaycana yönəlik əvvəlki siyasətinə yenidən baxış həyata keçirməkdədir. Bilirsiniz, əvvəllər müəyyən səbəblərdən İttifaq-Azərbaycan münasibətlərində bəzi problemlər var idi".
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"İlk növbədə, Avropa Sülh Fondunun Ermənistana hərbi yardım adı altında 10 milyon avroluq dəstək göstərməsi məsələsi, ondan başqa, əvvəlki Xarici Məsələlər və Təhlükəsizlik Komissarının qeyri-adekvat bəyanatları və s. Amma eyni zamanda İttifaqın Azərbaycanın enerji və tranzit imkanlarına olan ehtiyacı onu Azərbaycanla olan siyasətini dəyişdirməyə və daha obyektiv, adekvat siyasət yürütməyə vadar edir ki, biz də bu görüşdən bu faktorları sezdik. Düşünürəm ki, bundan sonrakı münasibətlər daha müsbət məcrada inkişaf edəcək və sözsüz ki, İttifaqın səsləndirdiyi mövqe - yəni Kaya Kallasın mövqeyi - bunu təsdiqləyir.
Avropa İttifaqı Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləyir. Bu dəstəyin yalnız sözlərlə deyil, praktikada da nümayiş etdirilməsi və Ermənistanın prosesə destruktiv yanaşma gətirəcək addımlardan çəkindirilməsi, düşünürəm ki, Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir göstərə bilər.
Amma burada bir daha vurğulamaq istəyirəm ki, bu, Avropa İttifaqının və onun bəzi üzv dövlətlərinin proseslərə müdaxilə formasından asılı olacaq. Əgər bu müdaxilələr əvvəlki kimi birtərəfli və qərəzli olarsa, bu, prosesə mənfi təsir edəcək.
Yox əgər, Kaya Kallasın dediyi kimi, bu müdaxilələr konstruktiv və pozitiv olarsa, o zaman normallaşma prosesi daha sürətli şəkildə irəliləyə bilər".
Zeynəb Rzayeva