BƏM-in qərarı Ermənistanın əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir - XİN

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edilib ki, 25 aprel 2025-ci il tarixində Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməni əsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.

"Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir", - deyə XİN-dən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31