Aİ Azərbaycanın artan rolunu nəzərə almalıdır– ÖZƏL

"Əlbəttə ki, Kaya Kallasın Azərbaycana səfəri, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə təkan verə bilər. Əslində, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər normal məcrada davam edib".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"İqtisadi sahədə kifayət qədər yaxın əməkdaşlığımız var və nəzərə alsaq ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, həmçinin enerji sahəsində strateji tərəfdaşlıq anlaşmamız mövcuddur, bu münasibətlər əhəmiyyətlidir.

Sadəcə, bəzi siyasi məsələlərdə Avropa İttifaqının müəyyən üzvlərinin, xüsusilə də Fransanın təsiri altında olan strukturların qeyri-obyektiv davranışları, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə müəyyən soyuqluq gətirib. Məhz bu qeyri-obyektivlik, Azərbaycan-Ermənistan danışıqlarında Avropa İttifaqının vasitəçiliyindən kənarda qalması ilə nəticələndi.

Düşünürəm ki, Avropa İttifaqı son aylarda dünyada baş verən qlobal dəyişiklikləri, o cümlədən təşkilatın özünün üzləşdiyi çağırışları nəzərə alaraq, artıq məsələlərə daha obyektiv yanaşmaq məcburiyyətindədir. Azərbaycanın artan rolunu inkar etmək mümkün deyil.

Xüsusilə də Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi çıxış edir və enerji təminatında mühüm rol oynayır. Gələcək planlara nəzər saldıqda, Avropa İttifaqının Orta Asiya enerji resurslarını qərb və dünya bazarlarına çıxarmaq marağı var. Bu maraqlar fonunda, Orta Asiyada öz mövqelərini möhkəmləndirmək üçün Avropanın Azərbaycana ehtiyacı daha da artır.

Bu baxımdan hesab edirəm ki, Avropa İttifaqında rasional düşünən siyasətçilər bunu düzgün qiymətləndirərək, Azərbaycanla bağlı qeyri-obyektiv siyasətdə müəyyən dəyişikliklər etməlidirlər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31