Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilib- Turan Rzayev- ÖZƏL 

Azərbaycan Prezidenti İlham Əliyev Kaya Kallasla görüşdə Azərbaycanın Aİ üçün etibarlı enerji tərəfdaşı olduğunu bildirib. O, Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb və Xəzər dənizində külək enerjisi üzrə əməkdaşlıq imkanlarına toxunub.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın qaz ehtiyatları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:

"Azərbaycan-Avropa İttifaqı münasibətləri müxtəlifşaxəlidir. Son illərdə isə bu əlaqələr xüsusilə enerji sektorunda daha da güclənib. Ümumilikdə Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı və alternativ mənbə olaraq ön plana çıxıb. Düzdür, rəsmi Bakı neft və qaz ehtiyatlarına malik olsa da, bu rezervlər miqyas baxımından Rusiya ilə müqayisədə daha azdır. Ona görə də, Rusiyanın Avropaya nəql etdiyi qazın həcmini Azərbaycanın təkbaşına əvəzləməsi çətindir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan son 30 ildə Ermənistanla müharibə və işğal faktoruna rəğmən iki böyük meqa layihəni həyata keçirib. Söhbət TANAP və TAP layihələrindən gedir. Bu layihələr çərçivəsində Azərbaycan artıq ona yaxın Avropa ölkəsinə qaz nəql edir. Bu qazın həcminin artırılması, ötürücü kəmərlərlə digər ölkələrə çatdırılması və vahid Avropa qaz şəbəkəsinə qoşulması kimi məsələlər daim aktualdır. Avropa İttifaqı da bu istiqamətdə maraqlıdır və Azərbaycan bu tələbləri qarşılamaq üçün ciddi səylər göstərir. Burada qarşılıqlı maraqlar mövcuddur: Azərbaycan iqtisadi mənfəət əldə edir, Avropa isə Rusiyadan asılılığı azaltmağa çalışır.
Azərbaycan hətta qaz ehtiyatları kifayət etmədikdə alternativ ölkələrlə də əməkdaşlığa gedir. Məsələn, İraq və xüsusilə də İraq Kürdüstanı ilə əməkdaşlıq artıq başlayıb. Hətta Suriyadan da Azərbaycana qaz nəqli ilə bağlı təkliflər gəlib. Bu baxımdan Azərbaycan həm də dəstəkçi rolunu oynaya bilər və gələcəkdə Suriya və İraq qazının TANAP vasitəsilə Avropaya çıxarılması mümkündür. Azərbaycan bu yolla təqribən 50 milyard kubmetr qaz ötürməyi planlaşdırır. 
Bu səfər zamanı enerji məsələləri müzakirə edilib. Tərəflər arasında enerji təminatı üzrəindən ciddi bir saziş imzalanır. Burada başqa aspektlərdə var. Məsələn Ermənistana edilən yardımlar, paralel olaraq, Azərbaycan-Avropa münasibətlərindəki neqativ halların aradan qaldırılması və.s. Bu səfəri ümumilikdə müsbət qiymətləndirməyə əsas verir. Belə demək mümkünsə, bu səfərin fonunda Azərbaycan yeni dividendlər qazana bilər. Qaz kəmərlərinin inkişafı və enerji resurslarının Avropaya çıxarılması məsələləri yaxın illərdə daha da önəm qazana bilər".
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31