Zeynal Əmrəliyev: Azərbaycanın ŞƏT-ə üzvlüyü strateji əhəmiyyət daşıyır – ÖZƏL

"Hazırda Azərbaycan və Çin münasibətləri yüksək səviyyədə inkişaf edir. Cənab Prezident İlham Əliyevin Çinə səfəri zamanı yüksək səviyyədə qarşılanması və eyni zamanda Çin və Azərbaycan arasında 20-yə yaxın sənədin imzalanması, ölkələr arasındakı vizaların ləğv edilməsi Bakı ilə Pekin münasibətlərinin son dərəcə möhkəm şəkildə inkişaf etdiyinin göstəricisidir. Çin bu gün Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir".

Bu fikirləri siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycanla Çin arasında sürətlə inkişaf edən iqtisadi əlaqələr fonunda Prezidentin ŞƏT zirvəsinə dəvəti və Azərbaycanın üzvlük perspektivi strateji əhəmiyyət kəsb edir:

"İqtisadi əlaqələrimiz iki dövlət arasında sürətlə inkişaf edir. Azərbaycan Prezidentinin Çin tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək zirvə toplantısına dəvət edilməsi bu əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Şanxay Əməkdaşlıq Təşkilatına Azərbaycanın üzv olması məsələsi zaman-zaman gündəmə gətirilir. Bu məsələnin Azərbaycan üçün bir çox cəhətdən faydalı ola biləcəyi açıqdır".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyü, ölkənin regional güclərlə əlaqələrini gücləndirməklə yanaşı, iqtisadi, tranzit və siyasi balans siyasətinə mühüm töhfə verə bilər.

"Birinci növbədə, bu addım Azərbaycanın regional güclər olan Çin, Hindistan və Rusiya ilə münasibətlərini daha da möhkəmləndirməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri çərçivəsində ölkəmizin tranzit rolu daha da artacaq. Yəni, bu üzvlük Azərbaycanın Orta Dəhliz layihəsindəki önəmini daha da gücləndirəcək. Digər tərəfdən isə Azərbaycanın infrastruktur və gömrük əlaqələrinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə daha da normallaşdırılması və ümumilikdə iqtisadi münasibətlərin möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Bunun, təbii ki, siyasi-diplomatik aspektləri də var. Siyasi baxımdan Azərbaycan Şərq və Qərb arasında balans siyasəti yürütməkdədir və bu mənada Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq məsələsi aktuallığını qoruyur. Məlum olduğu kimi, Azərbaycan Avropa institutlarında təmsil olunur - məsələn, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri və digər formatlarda".

Z. Əmrəliyev əlavə edib ki, Azərbaycanın ŞƏT-ə üzvlüyü, Qərbin qərəzli yanaşmalarına qarşı strateji mesaj və milli maraqlara uyğun əməkdaşlıq nümunəsidir.

"Təəssüf ki, zaman-zaman Avropadan ölkəmizə qarşı qərəzli yanaşmaların şahidi oluruq. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunması həm də Qərbdəki tərəfdaşlarımıza bir mesaj ola bilər - yəni, Azərbaycan kimi mühüm strateji əhəmiyyətə malik bir ölkəyə qarşı bu cür qərəzli münasibətin sərgilənməsi yolverilməzdir. Əgər bir əməkdaşlıq bizim maraqlarımıza uyğundursa, biz də onunla əməkdaşlıq etməyə hazırıq".

Siyasi şərhçi vurğulayıb ki, bu gün Azərbaycanın xarici siyasəti tam müstəqil, obyektiv və ölkənin maraqlarına yönəlmiş bir siyasətdir. Bu baxımdan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığını gücləndirməsi və ya təşkilata tamhüquqlu üzv olması təkcə iqtisadi və sosial deyil, həm də strateji və diplomatik baxımdan əhəmiyyət daşıyan bir məsələdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31