Aİ-nin hərbi xərclərin artırılması planı iflasa uğrayır- ÖZƏL 

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) üzv ölkələrin müdafiə xərclərini artırmaq planı hələlik nəticə vermir. Euractiv portalının məlumatına görə, bu plan çərçivəsində heç bir dövlət büdcə kəsiri limitini aşaraq hərbi xərcləri artırmağa hazır deyil.
Avropa Komissiyasının (AK) nümayəndəsi bildirib ki, bu günə qədər heç bir üzv dövlət maliyyə normalarına dair istisnaların aktivləşdirilməsi üçün rəsmi müraciət etməyib. Həmin mexanizmə əsasən, Avropa Komissiyası istisna hal kimi üzv ölkəyə icazə verə bilər ki, büdcə kəsiri üzrə Aİ-nin müəyyən etdiyi yuxarı həddi müvəqqəti olaraq aşaraq, ÜDM-in əlavə 1.5%-ni müdafiə məqsədilə xərcləsin.
Qeyd edək ki, Aİ-nin "Sabitlik və İnkişaf Paktı"na əsasən, üzv ölkələr üçün büdcə kəsirinin yuxarı həddi ÜDM-in 3%-i, dövlət borcunun isə 60%-i səviyyəsindədir. Daha əvvəl Reuters agentliyi Portuqaliyanın bu imkandan istifadə etməyə hazır olduğunu bildirmişdi, lakin Euractiv-in məlumatına görə, Lissabon hələ rəsmi müraciət göndərməyib.
Avropa rəsmilərinin, diplomatlarının və ekspertlərin fikrincə, bu mexanizmə marağın az olmasının bir neçə səbəbi var. Birincisi, Avropa Komissiyasının təklifi mart ayında - əksər ölkələrin artıq illik büdcə planlarını hazırladığı dövrdə səsləndirilib. AK nümayəndəsi bildirib ki, ölkələrə istisna üçün müraciətləri 30 aprelə qədər təqdim etmək tövsiyə olunur. Bu tarixdən sonra da müraciət etmək mümkün olacaq, lakin koordinasiyalı yanaşma üçün vaxtında müraciət arzuolunandır.
İkincisi, əsasən Şimali Avropa ölkələri əlavə büdcə güzəştlərinə ehtiyac duymur, Cənubi Avropa ölkələri isə artıq büdcə kəsiri limitini aşmış vəziyyətdədir. Jak Delor Mərkəzinin direktor müavini Nils Redeker bildirib ki, bu ölkələrin istisna mexanizmini işə salmaqdan çəkinməsi planın nəzərdə tutulduğu kimi işləmədiyini göstərir. Onun sözlərinə görə, bəzi ölkələr borc dayanıqlılığı ilə bağlı real risklərlə üz-üzədir və bazarın reaksiyası ilə bağlı haqlı narahatlıqlar mövcuddur. Bundan əlavə, Euractiv qeyd edir ki, bu mexanizm 2024-cü ildə yenilənmiş Aİ-nin fiskal qaydalarına olan etimadı da sarsıda bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31