“Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artır” – Əli Mustafa – ÖZƏL

Prezident İlham Əliyevin Çin səfəri Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini necə möhkəmləndirir və bu, gələcəkdə ölkənin xarici siyasətinə hansı təsir göstərəcək? Bu  suala  cavab  verən  siyasi şərhçi Əli Mustafa  Olaylar.az-a bildirib ki,  Çin dövlət başçısının Prezident İlham Əliyevi Çinə dəvət etməsi, onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artır. Prezidentin bu istiqamətdə apardığı siyasət Çin tərəfindən də görürülür və yüksək qiymətləndirilir:

"Bu səfər, şübhəsiz, Azərbaycanın mövqeyini daha da gücləndirir. Eyni zamanda göstərir ki, Azərbaycan Çin üçün əhəmiyyətli bir dövlətdir. "Orta Dəhliz"in inkişafı, inşası və fəaliyyətində Azərbaycanın rolu xüsusi dəyərləndirilir. Azərbaycanın bu sahədəki fəaliyyətlərinə verilən dəstək, əslində, ölkəmizə göstərilən yüksək qiymətin bir göstəricisidir".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Çin tərəfindən strateji tərəfdaş kimi qəbul edilir və bu, ölkənin siyasi və iqtisadi nüfuzunu gücləndirir.

"Ümumiyyətlə, bu səfər Azərbaycanın gələcək siyasətinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə müsbət təsir göstərəcək. Azərbaycan artıq yalnız tranzit ölkə kimi deyil, həm də Çinin - dünyanın ən böyük maliyyə güc mərkəzlərindən birinin - tərəfdaşlıq etdiyi ölkə kimi qiymətləndirilir. Bu isə ölkəmizə ediləcək sərmayələrin artmasına və iqtisadiyyatımızın güclənməsinə şərait yaradır. Orada imzalanan sazişlər və bağlanan müqavilələr onu deməyə əsas verir ki, Çin Azərbaycanı özünün strateji tərəfdaşı kimi görür. Azərbaycanın yalnız tranzit mərkəzi deyil, eyni zamanda sənaye ölkəsi kimi inkişaf etməsinə dəstək veriləcək. Bütün bunlar isə ölkənin ümumi vəziyyətinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31