Azərbaycan-Çin tərəfdaşlığı mühüm strateji əhəmiyyətə malikdir- ÖZƏL
12:36 Siyasət"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın dərinliyi və davamlılığı ilk növbədə qarşılıqlı hörmət, bərabərlik və birgə maraqlar əsasında qurulur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 21-də Çin Xalq Respublikasının aparıcı media orqanı olan Sinxua agentliyinə verdiyi geniş müsahibə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu müsahibə yalnız ikitərəfli münasibətlərin cari vəziyyətini deyil, həm də gələcək strateji əməkdaşlıq üçün açılan yeni üfüqləri nümayiş etdirir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Çin arasında formalaşmış siyasi dialoqun yüksək səviyyəsini, iqtisadi əməkdaşlığın genişlənməkdə olan dinamikasını və ümumilikdə ikitərəfli əlaqələrin strateji xarakter daşıdığını vurğuladı. Xüsusilə "Bir kəmər, bir yol" təşəbbüsünə Azərbaycanın verdiyi dəstək və bu təşəbbüs çərçivəsində həyata keçirilən layihələrin regional əməkdaşlığa töhfəsi müsahibədə əsas vurğu nöqtələrindən biri idi.
Azərbaycanın tranzit-logistika imkanlarının artırılması, Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyətli layihələrin perspektivləri və ölkəmizin Çinin Avrasiya məkanına çıxışında oynadığı körpü rolu ölkə rəhbərinin çıxışında əhatəli şəkildə izah olundu. Bu, təkcə iqtisadi fayda baxımından deyil, həm də siyasi etimadın göstəricisi kimi qiymətləndirilə bilər. Qloballaşan dünyada regional təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq kontekstində Azərbaycan-Çin tərəfdaşlığı mühüm strateji əhəmiyyətə malikdir".