“Azərbaycan–Çin tərəfdaşlığı qlobal güc balansında strateji əhəmiyyət kəsb edir” – Aytən Qurbanova – ÖZƏL
24 Aprel 2025 11:20 Siyasət"Yeni formalaşan qlobal sistemdə Azərbaycanın nüfuzu kifayət qədər sürətli şəkildə artır və bu istiqamətdə, təbii ki, tərəfdaşlarımızın sırası da genişlənməyə davam edir. Düşünürəm ki, Azərbaycan-Çin münasibətləri cənab Prezidentin Çinə səfəri çərçivəsində əldə olunmuş razılaşmalar kontekstində daha da inkişaf edərək, yeni yol xəritəsi əsasında strateji tərəfdaşlığın genişləndirilməsi, bir çox sahələr üzrə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi qarşıya hədəf kimi qoyulub".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib. O bildirib ki, Azərbaycan və Çin arasında siyasi etimada əsaslanan strateji tərəfdaşlıq, "Bir kəmər, bir yol" və Orta Dəhliz layihələri fonunda sürətlə möhkəmlənir:
"Aparılan müzakirələr və verilən bəyanatlar əsasında demək olar ki, Çin üçün Azərbaycan kifayət qədər önəmli və etibarlı tərəfdaşdır. Bu tərəfdaşlığın əsasını isə ilk növbədə siyasi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı etimadın bariz nümunəsi kimi ərazi bütövlüyünün qarşılıqlı tanınması və suverenliyə hörmət prinsipinin daima ifadə olunması təşkil edir. Eyni zamanda, iqtisadi əlaqələrin inkişafı kontekstində əldə olunmuş razılaşmaların uğurla icra olunması da xüsusi əhəmiyyət daşıyır. Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanla strateji tərəfdaşlıq önəmli yer tutur. Orta Dəhliz layihəsi kontekstində də Çin-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, Çindən Avropaya uzanan yolda Azərbaycanın geostrateji əhəmiyyətini daha da artıran mühüm amillərdən biridir".
Siyasi şərhçi əlavə edib ki, prezidentin Çinə səfəri, iki ölkə arasında siyasi, iqtisadi və strateji əlaqələrin dərinləşdiyini və Azərbaycanın artan beynəlxalq nüfuzunu təsdiqləyir.
"Düşünürəm ki, cənab Prezidentin Çinə səfəri çərçivəsində ona göstərilən yüksək ehtiram və qəbul, Azərbaycanın dövlət başçısına və ümumilikdə ölkəmizə olan hörmətin, artan nüfuzun və qlobal sistemdəki önəmin bariz göstəricilərindəndir. Bu nüfuz və hörmət artıq Prezidentimizin bir çox xarici səfərlərində də aydın şəkildə müşahidə olunur. Çin Xalq Respublikası qlobal sistemin ən önəmli aktorlarından biri olaraq bu istiqamətdə bizim üçün vacib strateji tərəfdaşdır. Səfər zamanı imzalanan sənədlər göstərir ki, yeni yol xəritəsi çərçivəsində əlaqələrin inkişafı təkcə iqtisadi deyil, yaşıl enerjiyə keçid, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələri də əhatə edir. Bütün bu istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsi hər iki dövlət üçün prioritet hesab olunur. Gələcəyə yönəlik əməkdaşlığın daha da yüksək səviyyədə inkişaf edəcəyi isə həm gözləntilər, həm də ehtimallar fonunda ən yüksək dəyərləndirilən məsələlərdəndir".
Səidə Ramazanova