“Olaylar” mətbuatımızın inkişafına mühüm töhfələr verib- OLAYLAR-30
24 Aprel 2025 09:50 SiyasətOlaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin
baş redaktoru Yunus Oğuza
Hörmətli Yunus Oğuz!
Bu günlər Siz və rəhbərlik etdiyiniz kollektiv, "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin yaradılmasının 30 illik yubileyini qeyd edir. Sizin və kollektiviniz üçün bu əlamətdar günlərdə, bir oxucunuz kimi sevincinizi bölüşür, Sizə və kollektivinizin hər bir üzvünə ən xoş arzularımı bildirirəm.
Azərbaycan dilli ilk mətbu orqanın yaradıcısı, görkəmli maarifpərvər ziyalı və mütəfəkkir, təbiətşünas alim Həsən Bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlanan yolu, siz yaratdığınız "Olaylar" qəzetində, sonradan eyniadlı informasiya agentliyində fəaliyyətinizlə davam etdirərək, 30 illik fəaliyyətiniz dövründə hər gün təkmilləşərək və inkişaf edərək şərəfli bir yol keçmisiniz.
Ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda dövlətçiliyimizin rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar mətbuatımızın da inkişafına təkan vermiş, söz və məlumat azadlığının inkişafına yaradılan münbit şərait mətbuatımızın da inkişafında həlledici rol oynamışdır. Həmin illərdə təsis edilən və fəaliyyətə başlayan çoxsaylı nəşrlər sırasında Sizin rəhbərlik etdiyiniz "Olaylar" qəzeti də cəmiyyətimizin maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq arzularının gerçəkləşməsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında əsas rollardan birini oynamış və mətbuatımızın inkişafına mühüm töhfələr vermişdir.
Həmin illərdə təsis edilən "Olaylar" qəzeti, illər ötdükcə zamanın sərt sınaqlarından çıxaraq mətbuatımızın öncüllərindən birinə çevrilmişdir. 44 günlük Vətən Müharibəsi dövründə Sizin İnformasiya agentliyi də Azərbaycan mediasının mübariz bir üzvü kimi qələmini silaha çevirərək dövlətimizə və xalqımıza qarşı yönəldilən dezinformasiyanın qarşısının alınmasında, Azərbaycan həqiqətlərinin və reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də obyektiv məlumatlandırılmasında mühüm rol oynamışdır.
Siz, görkəmli elm, mədəniyyət və incəsənət, siyasət və ictimaiyyət nümayəndəlrinin günümüzün aktual problemlərinə həsr olunmuş maraqlı və analitik araşdırmalarını, məqalələrini, həmçinin dövlətçilik tariximizin müxtəlif dövrlərinə aid fundamental əsərlərinizdən təqdim olunan fraqmentlərlə, öz müəllif yazılarınızı, məqalələrinizi qəzetin və informasiya agentliyinin səhifələrinə yerləşdirməklə əslində şox mühüm, maraqlı və əhəmiyyətli məsələlərə ayna tutursunuz. Bütün bunlar qəzetin daha oxunaqlı olmasına, oxucular tərəfindən rəğbətlə qarşılanmasına səbəb olmuşdur.
Dövlətçilik, vətənpərvərlik, peşəkarlıq, operativlik, yenilik, obyektivlik, qərəzsizlik Sizin rəhbərlik etdiyiniz qəzeti və informasiya agentliyini səciyyələndirən xüsusiyyətlərdir.
Bir daha 30 illik yubileyiniz münasibətilə Sizi təbrik edir, Sizə və kollektivinizin hər bir üzvünə can sağlığı və işlərinizdə uğurlar arzulayıram.
Ramiz Göyüş