Revanşizm Ermənistanın gələcəyini təhlükəyə atır– ÖZƏL
24 Aprel 2025 09:42 Siyasət"Şübhəsiz ki, Ermənistandan zaman-zaman sülhə dair bəyanatlar eşidirik. Lakin əməldə bunun tam əksini görürük və bunun bir sıra səbəbləri var".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu səbəblərdən ikisi xüsusilə önəmlidir. Faktiki olaraq, Ermənistan daxilindəki revanşist qüvvələrlə yanaşı, normallaşma prosesinə mane olan iki mühüm faktor mövcuddur. Bunlardan birincisi dünya erməniliyidir, ikincisi isə Erməni Apostol Kilsəsidir. Hər iki qurum tarixən separatizm və işğalçılığın ideoloji mənbəyi və mərkəzi kimi çıxış edib. Onlar Azərbaycana qarşı aparılmış işğalın başlıca ideoloji dayaqları olub və bu gün də məğlubiyyəti həzm edə bilmədikləri üçün yeni revanş planları üzərində düşünürlər.
Bu baxımdan Ermənistan cəmiyyətindəki revanşist qüvvələr və onların arxasında duran Erməni Kilsəsi ilə diaspora nümayəndələri normallaşma prosesini əngəlləməyə çalışırlar. Əgər bu siyasətdə dəyişiklik baş verməzsə və revanşist ideyalar Ermənistan cəmiyyətində üstün mövqedə qalmağa davam edərsə, bunun ən böyük zərərini elə Ermənistanın özü çəkəcək. Revanşizmə əsaslanan yanaşmalar, şübhəsiz ki, Ermənistanın gələcəyini ciddi təhlükə altına ata bilər".
Zeynəb Rzayeva