Öz ideallarına sədaqət əsas şüarınız olsun- OLAYLAR-30
24 Aprel 2025 11:23 SiyasətŞəbnəm Həsənova,
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq
Müstəqil və müasir Azərbaycan mediası öz köklərini maarifçilik dövründən alır. Tez-tez "dördüncü hakimiyyət" kimi təqdim olunan media bu gün də insan həyatının ayrılmaz, danılmaz bir parçasıdır. Mətbuat liberal-demokratiyanın xüsusiyyəti, həm də fundamental insan hüququnun özü və özəyi hesab olunur. Azərbaycan mediası da öz növbəsində bu təriflərin empirik qaydada etibarlılığını sübut edir, müstəqillik və tarazlıq ilə düzgün uyğunlaşdırılan, demokratik cəmiyyətlərə xas idealları əks etdirir. Mediamız vətəndaşların informasiyaya çıxışını kəskin şəkildə artırır. Azərbaycan mediası vətəndaşlar və hökumət arasında körpü, cəmiyyətin güzgüsü, bəlkə də gözətçisidir. Ona görə ki, daim inkişafda və dinamikada olan cəmiyyətimizdə son zamanlar bir çox məsələlərin müsbət həlli ictimai qınağın nəticəsidir.
Azərbaycan mediası bir neçə istiqamətdən hücumlara da məruz qalır, daxili və xarici təzyiqləri dəf etməyə çalışır, Vətənimiz, dövlət və dövlətçiliyimiz əleyhinə çalışan dezinformasiya blokunu parçalayır. Digər tərəfdən mediamız həm də qurucudur ki ictimaiyyətlə hökumət ünsiyyətinin də yeni formalarını yaradır. Cənab Prezident İlham Əliyev çıxışlarında medianın önəmini xüsusilə vurğulayır, cəmiyyətdə olan problemlər haqqında qələm əhlini dövlətə kömək göstərməyə səsləyir. Mediamız həm də Zəfərimizin memarlarından biridir. Birinci Qarabağ savaşında demək olar ki, əlimizdə heç bir resurs olmadan naəlac qaldıqsa, 44 günlük Vətən müharibəsi zamanı yerli mediamızın ayaq səsləri dünyanın hər yanından eşidildi. Media məkanında xüsusi dəst-xətti olan informasiya agentliyi və qəzetlərdən biri də "Olaylar" media resursudur. Bu gün onun 30 illik yubileyidir. Bu rəqəm özünüdərk deməkdir. Media resursuna ilk öncə bu prosesdə və mərhələdə uğurlar arzu edirəm. Sözügedən media resursunun bütün kollektivini səmimi qəlbdən təbrik edir, hər zaman qərəzsizlik kimi ana meyar başda olmaqla bütün media prinsiplərinə sadiq qalmaqlarını diləyirəm. Cəsarət, ən birincisi isə öz ideallarına sədaqət əsas şüarınız olsun!