Azərbaycanla Çin  arasında münasibətlər getdikcə daha strateji xarakter alır- ÖZƏL

"Qlobal geosiyasi dəyişikliklər və dünya sisteminin transformasiyası fonunda Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər getdikcə daha strateji xarakter alır. Hər iki ölkə ikitərəfli əməkdaşlığın dərinləşməsində maraqlıdır ki, bu da siyasi dialoqun aktivləşdirilməsində, ticarət dövriyyəsinin artımında və nəqliyyat-logistika sahəsində əlaqələrin genişləndirilməsində özünü açıq şəkildə göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Çin üçün Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda artan marağın nəticəsidir. Bu da əsassız deyil. Çünki  Bakı limanı, Bakı-Tbilisi-Qars dəmiryolu və Zəngəzur dəhlizi Çin üçün Avropaya çıxışda alternativ və təhlükəsiz yol deməkdir. Bundan başqa Azərbaycan nefti və qazı Çin üçün resursların diversifikasiyası baxımından əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı və Çini Avropa ilə birləşdirən əsas tranzit ölkələrdən biri kimi Azərbaycanın geosiyasi ağırlığı da Pekinin diqqətindən yayınmır.

Çinin önəm verdiyi mühüm məqamlardan biri də Azərbaycanın regionda siyasi sabitliyi və müstəqil siyasəti yürütməsidir. Pekin də bu reallığı qəbul edir ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış xətt yürüdərək həm Qərblə, həm Rusiya ilə, həm də Çinlə əlaqələri inkişaf etdirməyə çalışır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun bərpası və yeni texnologiyaların tətbiqində Çin investisiyası mühüm rol oynaya bilər.

Bir sözlə, Azərbaycan və Çin arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, ikitərəfli münasibətlərdə yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın çoxqütblü dünyada artan rolunu və güclü mövqeyini nümayiş etdirir. Bu tərəfdaşlıq, eyni zamanda, Azərbaycanın regional enerji və nəqliyyat habına çevrilməsi prosesini sürətləndirə və ölkənin geosiyasi mövqeyini gücləndirə bilər. Sözsüz, Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Dövlət başçısı "Sinxua" agentliyinə müsahibəsində bu məqama toxunaraq əminliklə bildirdi ki, qarşıdakı səfər də digərləri kimi Azərbaycanla ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi prosesinə xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31