"Azərbaycan və Suriyanın əlaqələri regionda güc balanslarına ciddi təsir göstərəcək"- Tural İsmayılov- ÖZƏL
23 Aprel 2025 14:52 SiyasətAzərbaycan ilə Suriya əlaqələrində son dövrlərdə irəliləyişlər baş verir. İlham Əliyev və Əhməd əş-Şara Antalyada görüşüb, Dəməşq isə neft və qaz sektorunun bərpası üçün Bakıdan dəstək istəyib.
Politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bilidirb ki, Azərbaycan və Suriyanın əlaqələri regionda güc balanslarına ciddi təsir göstərəcək:
"Azərbaycan-Suriya yaxınlaşmasının vacib əhəmiyyəti var, çünki nəzərə almaq lazımdır ki, Azərbaycanın daha əvvəl 30 il ərzində torpaqları işğal altında olub, Suriyada isə faktik olaraq Əsəd rejiminin işğalı davam edirdi və hər iki ölkə terrorla üz-üzə qalırdı. Azərbaycan erməni terroru ilə, Suriya isə bir çox beynəlxalq güclərin Yaxın Şərqdəki əlləri vasitəsilə beynəlxalq terrorizmdən əziyyət çəkirdi. Lakin bu gün Azərbaycan və Suriyanın öz əlaqələrini ən yüksək səviyyəyə çatdırması, Azərbaycan prezidentinin Suriya keçid hökumətinin rəhbəri ilə görüşməsi, burada öz fikirlərini ifadə etməsi, Suriyanın Azərbaycanla əlaqələri dərinləşdirməklə bağlı ortaya mövqeyini qoyması, həmçinin Suriyanın neft-qaz sektorunun bərpasında Bakıdan dəstək istəməsi, Azərbaycan-Suriya əlaqələrindəki siyasi yox, həm də iqtisadi-ticari əlaqələrin bundan sonrakı əhəmiyyətini göstərmiş olur.
Hər bir halda, Azərbaycan-Suriya yaxınlaşması geopolitik anlamda da çox dəyərlidir və böyük əhəmiyyətə malikdir. Bu əməkdaşlıq regionda güc balanslarına ciddi təsir göstərəcək. Türkiyə bu gün Suriya ilə çox dərin əməkdaşlıq edir, Azərbaycanın da bu gün Suriya ilə ən yüksək səviyyədə əməkdaşlıq etməsi, iki ölkə münasibətlərində Əsəd rejimi dövründə korlanmış əlaqələrin yenidən bərpa edilməsi tarixi əhəmiyyətə malikdir. Çünki Azərbaycan qlobal münasibətlər sistemində ədalətin, bərabərliyin, eyni zamanda dövlətlərə qarşı hörmətlə yanaşmanın təməl bazasını formalaşdıran bir ölkədir".
Zeynəb Mustafazadə