Çin-Azərbaycan münasibətlərində yeni strateji mərhələ– ÖZƏL

"Çin-Azərbaycan münasibətlərinin inkişafı, təbii ki, tək bugünkü görüşlə məhdudlaşmır. Azərbaycan müstəqillik əldə etdiyi gündən xarici dövlətlərlə, xüsusən də dünyada söz sahibi olan və ya söz sahibi olma potensialı olan dövlətlərlə əlaqələrini inkişaf etdirir. 1990-cı illərdə Çinin iqtisadi yüksəlişi və sahib olduğu bütün sahələrdəki perspektivlər Azərbaycanı cəlb edirdi".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda Azərbaycanın da şərq-qərb, şimal-cənub tranzitinin əsas həlqələrindən biri olma potensialı, təbii zənginlikləri və yeraltı resurslarının bolluğu Çin tərəfinin diqqətini daim cəlb edirdi. Çin, bazarların böyüklüyündən çox, inkişaf perspektivi və zənginliyi ilə maraqlanır. Çinin yanaşması sadəcə böyük bazarlara daxil olmaq deyil, iqtisadi inkişaf tempi yaxşı olan, eyni zamanda iqtisadi inkişafın mümkün olduğu kiçik bazarlara da daxil olmaq və orada öz maraqlarını qorumaqdır.

Azərbaycan 10 milyonluq əhalisi Çin üçün kiçik olsa da, buradakı zənginliklər və resursların bolluğu Çinin Azərbaycana marağını daima aktual edir. Tarix boyu bu münasibətlərin inkişafı nəticəsində, bu gün Azərbaycan-Çin münasibətləri artıq strateji tərəfdaşlıq çərçivəsinə daxil olub.

Çin-Azərbaycan münasibətlərinin inkişafını yalnız kapital maraqları ilə izah etmək olmaz, geosiyasi reallıqlar da bu münasibətləri xarakterizə edir. Azərbaycan uzun müddətdir ki, balans siyasətindən çıxış edərək, dünyəvi və regional güclər arasında balansını qoruyur və ölkənin inkişafı üçün çalışır. Bu nöqtədə Çinlə əməkdaşlıq, balans siyasətini qorumağa və möhkəmləndirməyə kömək edir.

Çin artıq Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə rəqibdir və bəzi sahələrdə onu ötmüş hesab olunur. Bir çox ekspertlər, hadisələrin bu istiqamətdə davam etməsi ilə Çinin gələcəkdə ABŞ-ı qabaqlayaraq supergücə çevrilməsi ehtimalını müzakirə edirlər. Beləliklə, Çinlə əlaqələr Azərbaycan üçün həm öz təhlükəsizliyini təmin etmək, həm də iqtisadi baxımdan inkişafını gücləndirmək baxımından strateji əhəmiyyət kəsb edir.

Çin, xarici ölkələrlə qurduğu tərəfdaşlıqlara və həyata keçirdiyi uğurlu layihələrə borcludur. Buna görə də Pekinin Azərbaycana maraq göstərməsi və Azərbaycanla strateji əlaqələrini dərinləşdirməsi anlaşılır. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının böyüməsi və inkişafı da bu münasibətlərin əhəmiyyətini artırır.

Azərbaycanın Rusiya və İran kimi güclü ölkələrlə sərhəddə olması fonunda, Çinlə münasibətlərin möhkəmləndirilməsi həm də müstəqilliyin və strateji mövqenin gücləndirilməsi baxımından vacibdir. Çin, ABŞ ilə qarşıdurma fonunda, Azərbaycan və digər dövlətlərlə əlaqələrini ən yüksək səviyyəyə çatdırmağa çalışır, bu isə ona mübarizə imkanlarını genişləndirir.

Çinlə münasibətlərin inkişafı Azərbaycan üçün yalnız iqtisadiyyat və ticarət deyil, həm də qlobal maraqları təmin etmək baxımından böyük üstünlüklər vəd edir. Dövlətlər yaxınlaşdıqca, bu o demək deyil ki, öz müqəddəratlarını bir-birinə həvalə edirlər. Azərbaycan üçün, xüsusilə də Ankara-Bakı əlaqələrini nəzərə alaraq, dünya siyasətində öz milli maraqlarını bu format üzərindən həyata keçirmək davam edir.

Bəzi məsələlərdə isə Bakı-Pekin, Ankara-Pekin, Bakı-Moskva-Ankara, Bakı-London və ya Bakı-Vaşinqton münasibətləri önəmli rol oynayır. Azərbaycan, Türk birliyi və digər regional güclərlə münasibətlərini möhkəmləndirərək, gələcək inkişaf perspektivlərini formalaşdırır. Çinlə əlaqələr Azərbaycanın inkişafı üçün yeni perspektivlər və imkanlar açır.

Bu əlaqələrin inkişafı hər iki tərəf üçün böyük üstünlüklər vəd edir. Çin, daha çox tərəfdaş toplamaqla dünya siyasətində öz mövqeyini gücləndirir, eyni zamanda Azərbaycan da bu münasibətlərdən faydalanaraq inkişaf yoluna qədəm qoyur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31