Azərbaycan-Suriya yaxınlaşması: Yeni geosiyasi əməkdaşlıq – ÖZƏL

Son dövrlər Azərbaycanla Suriya arasında müşahidə edilən diplomatik fəallıq bölgədəki geosiyasi proseslərə yeni dinamika qazandırır. Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Antalyada baş tutan görüşü, ardınca isə Suriya tərəfinin neft və qaz sektorunun bərpasında Bakıya müraciət etməsi, bu iki ölkə arasında əməkdaşlıq üçün yeni səhifələrin açıldığını göstərir. 

Maraqlıdır, Azərbaycan-Suriya münasibətlərində son yaxınlaşmaların regional geosiyasi balanslara, xüsusilə də Yaxın Şərqdəki güc bölgüsünə hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a danışıb. O bildirib ki, Azərbaycanın Suriya ilə yaxınlaşması həm strateji maraqlara, həm də oradakı türkmanların hüquqlarının müdafiəsinə əsaslanır:

"Azərbaycan Suriyada vətəndaş müharibəsi getdiyi dövrdə Türkiyə ilə birlikdə bu məsələdə öz mövqeyini açıq şəkildə bildirmiş və qardaş ölkənin mövqeyini bölüşdüyünü bəyan etmişdi. Bəşər Əsəd rejiminin legitimliyini tanımadıqdan sonra da Azərbaycan, Türkiyə ilə eyni mövqedə olduğunu ortaya qoydu. Eyni zamanda, Azərbaycanın Suriya məsələsində aktiv rol alması gözlənilən bir haldır. Çünki Azərbaycan xalqının irsi Suriyada da yaşayır - Azərbaycan türklərinə mənsub olan türkmanlar Suriyanın əsas etnik topluluqlarından biridir. Bu səbəblə, Azərbaycanın bu məsələdə aktiv olması, faktiki olaraq Azərbaycan türkləri olan türkmanların hüquqlarının qorunması üçün Bakı tərəfindən diplomatik dialoqun davam etdirilməsi və qarşılıqlı münasibətlərin yüksək səviyyədə saxlanması təbii qarşılanmalıdır".

Siyasi şərhçinin sözlərinə görə, Suriya ilə enerji sahəsində əməkdaşlıq Azərbaycanın regional güc statusunu möhkəmləndirir və Yaxın Şərqdə rolunu artırır.

"Suriyanın yeni hökuməti - yəni Əhməd əş-Şara hökuməti də Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Antalyada keçirilən görüşdə Prezident İlham Əliyevin Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara ilə keçirdiyi görüşdə tərəflər arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb. Bundan sonra Suriya hökumətinin Azərbaycandan neft və qaz sahəsində - yəni ölkə ərazisindəki neftin və qazın emalı ilə bağlı texniki yardım istəməsi, şübhəsiz ki, münasibətlərin daha da inkişaf edəcəyinə işarədir. Azərbaycanın Suriyada müxtəlif layihələr həyata keçirməsi də gözləniləndir. Xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafı ön plana çıxır. Suriya Yaxın Şərqin ən böyük enerji resurslarına malik ölkələrindən biridir. Belə bir ölkənin Azərbaycanla əməkdaşlıq etməsi, daha dəqiq desək, Azərbaycandan bu sahədə yardım istəməsi, Azərbaycanın enerji sahəsindəki gücünün artmasına və ölkəmizin Yaxın Şərqin əsas aktorlarından birinə çevrilməsinə mühüm zəmin yaradır".

Z. Əmrəliyev əlavə edib ki, artıq Azərbaycan qlobal güc olaraq daha inamla irəliləyir və beynəlxalq əhəmiyyətli problemlərin həllində vasitəçi dövlət kimi çıxış edir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31